O əllər Rəfail Tağızadə

Tarix: 12:57 03.03.2018
O əllər
Hər səhər, hər axşam o pəncərədən
məni yola salan, mənə əl edən,
arxamca su atan, “yaxşı yol” deyən,
o əllər çağırsam gələrmi yenə?
Üzümün sığalı itib nə vaxtdır,
saçımın tumarı itib nə vaxtdır,
köksümdə min qubar bitib nə vaxtdır…
O əllər çağırsam gələrmi yenə?
Zamanın nə fərqi, günün nə fərqi,
sevinci apardı, vər saldı dərdi,
gedişin könlümə bir kölgə sərdi.
O əllər çağırsam gələrmi yenə?
Əlimə əl dəyər, üzə qan gələr,
dil açıb danışar, cana can gələr,
məni yuxulardan oyadan gələr.
Çağırsam gələrmi o əllər yenə?
Ömrümü bəzərmi o əllər yenə?...
1468 dəfə oxunub