LENİN QARDAŞININ QİSASINI ALDI

Tarix: 18:47 03.07.2025
Fransız filosofu, yazarı Volter yazırdı ki, “tarixçi hadisə-ləri dəyişdirmədən, olduğu kimi göstərməyə çalışmalıdır”. Amma çox təəssüf ki, sovet dövründə nəinki Azərbaycanın, hətta bütün SSRİ-nin tarixi yanlış yazıldı. Bunu bu gün yüzlərlə arxiv sənədləri, materialları və ən əsası baş verən hadisələr sübut edir. Məsələn, uzun illər elə bilmişik ki, “Sovet dövlətinin banisi, bütün dünya zəhmətkeşlərinin böyük rəhbəri” Vladimir İliç Lenin yoxsullara, kasıblara ürəyi ağrıdığı, yazığı gəldiyi üçün “fəhlə kəndli hökumət”ini yaradıb onları “xoş günə” çıxarıb. Sən demə bu heç də belə deyilmiş. İllərlə yolunda çalışdığımız, vuruşduğumuz Lenin babamız qardaşı Aleksandrın qisasını almaq, “başladığı yolu qələbə ilə başa vurmaq” üçün milyonlarla günahsız insanları qurban verib...
Aleksandır İlya oğlu Ulyanov Leninin böyük qardaşı 1866-cı ildə Simbirski şəhərində anadan olub. 1883-cü ildə Simbirski gimnaziyasını qızıl medalla başa vuran Aleksandır həmin il Sankt-Peterburq İmperator Universitetinə daxil olur. Aleksandır universitetdə yalnız yaxşı oxumağı ilə deyil, həm də siyasi fəallığı ilə də seçilir. 1886-cı ildə “Xalqın iradəsi” partiyasına üzv olur və partiyanın bütün toplantılarında yaxından iştirak edir. 1887-ci ilin martın 1-də Aleksandır Ulyanovu çar III Aleksandra sui-qəsdə iştirak etdiyi üçün Universitetdən azad edərək həbs edirlər. Bir ay 8 gün ən ağır cəzalara məruz qalan Aleksandır Ulyanov və bir necə tələbə yoldaşı mayın 8-də edam edilir. Deyilənə görə Aleksandr Ulyanov “sui-qəsdə rəhbərlik etdiyi və şəxsən çar III Aleksandra qumbara atdığı üçün ən ağır işgəncələrə məruz qaldıqdan sonra gülələnib”.
Bu hadisə baş verəndə gələcəyin “dahi rəhbəri”nin 17 yaşı var idi və gimnaziyanı qızıl medalla qutarıb yenicə Kazan Universitetinin hüquq fakültəsinə daxil olub. Amma bu sevinci doyunca yaşaya bilmədi, cəmi üç aydan sonra onu universitetdən xaric edərək sürgünə göndərdilər. Ağır sürgün həyatı, sevimli qardaşı Aleksandrın faciəli ölümü və anası Annanın göz yaşları Lenin də çara qarşı çox güclü nifrət yaratsa da hissə qapılmadı, ağılla “başqa yol seçdi”. “O başa düşdü ki, çarı öldürməklə heç nə dəyişməyəcək, yerinə başq bir çar gələcək. Ən yaxşısı üsyanla, qiyamla və ya inqilabi-siyasi çevrilişlə hakimiyyətə gəlmək, hakimiyyəti əla almaq idi. Bundan sonra nəinki çarı divara söykəyib güllələmək, hətta bütün nəslini qırmaq, kökünü kəsmək olardı.
Gələcəyin “dahi rəhbər”i, fəhlə-kəndli hökumətinin banisi, qardaşının qisasını almaq üçün “siyasi fəaliyyətlə məşğul olmağa başladı”. Bu yolda uzun illər həbslərə, sürgünlərə məruz qalsa da inadından dönmədi. Bu zaman “1894-cü ildə III Aleksandr vəfat etdi. Vəliəhd olaraq Nikolay Aleksandroviç (II Nikolay) taxta çıxdı”. III Aleksandrın ölümü də Lenini sakitləşdirmədi, əksinə qisas hissi onun bütün varlığına hakim kəsilmişdi. 1898-ci ildə “Rusiya Sosial-Demokrat Fəhlə Partiyasını” yaradan Leninin elə ən kəsərli silahı sadə və zəhmətkeş fəhlə-kəndli, proletariat oldu. Ölkənin siyasi xadimləri, ziyalıları onunla hesablaşmadıqda, ideyalarını qəbul etmədikdə Lenin “Rusiyada nə qədər qaçaq-quldur, oğru, qatil, cinayətkar var” partiyaya keçirərək onların vasitəsilə mübarizəsini davam etdirdi. (Buna ən böyük sübut “çar hakimiyyəti illərində məşhur oğru olan” İosif Stalin idi. O, 1905-ci ildən ölkədə ən böyük oğru dəstəsinə rəhbərlik edib. Bu haqda növbəti sayımızda geniş məlumat verəcəyik). Leninin bu “mübarizə”si Rusiyanı tamamilə çökdürdü. Hər gün baş verən ixtişaşlar, tətillər, inqilablar nəticəsində “ölkəni aclıq, səfalət, ləyaqətsizlik, pozğunluq, talançılıq bürüdü. Bütün bunlara səbəb isə Leninin başçlığı ilə həyata keçirilmiş oktyabr dövlət çevrilişi və hakimiyyəti ələ aldıqdan sonrakı zorakı əməlləri idi”. Və bu zorakı əməllər nəhayət 1922-ci ildə Sovet hökumətinin qələbəsi ilə nəticələndi, böyük və amansız bir imperiya Sovet İmperiyası yarandı.
Bütün bu “çək-çevir” içində Lenin intiqam hissini də yaddan çıxarmadı. Hələ SSRİ qurulmadan əvvəl “1918-ci ilin iyulunda Leninin rəhbərliyi ilə Xalq Komissarları Soveti çarın və ailəsinin edam edilməsi barədə qərar çıxardı”. Qəribədir Lenin çarı və ailəsini bolşeviklərə yox, çar ailəsinin “mühafizəsinin xüsusi komandiri Yermakova və evin komendantı Yuriyevskiyə güllələtdi”. (Sən demə çar ailəsi öz düşmənlərini qoynunda bəsləyirmiş). İstefa verən çar II Nikolay və ailəsi Leninin göstərişi ilə güllələnib meyidi daş kömür şaxtasına töküldü. Bir necə gün sonra sabiq çarın bütün qohumları və onların ailə üzvləri tapılıb güllələndi. Çar nəslindən kimsə sağ qalmadı”.
Bu da 70 il şan-şöhrəti göylərə qaldırılan, adına-sanıan saysız hesabsız əsərlər yazılan, mahnılar bəstələnən, hər yerdə heykəlləri ucaldılan “dahi Lenin babamız!” O, qardaşı Aleksandrın qisasını almaq üçün yalnız şəhərləri xaraba qoymadı, insanları məhv etmədi, həm də “insanları əqidəsizləşdirdi”, qan-qada hesabına yaratdığı imperiya “insanda ləyaqəti, qüruru, heysiyyəti, mənliyi öldürdü. Əhliləşdirilən, uyğunlaşan kommunist təkəbbürlü ziyalı yaratdı!”. Əslində çar ailəsi və sülaləsi layiq olduğu cəzanı aldılar. Çox təəssüf ki, bəzi yazarlarımız Rusiyanın sonunçü çarı II Nikolayı və onun ailəsini bu faciənin günahsız qurbanı adlandırırlar. Doğrudur, II Nikolay əvvəlki çarlara nisbətən təhsilli, vətənpərvər, sülhpərvər bir insan olub, ölkədə bir çox islahatlar aparıb. Amma 1905-07-ci illər inqilabının amansızlıqla yatırılması, elə həmin illərdə Qafqazda erməni-müsəlman münaqişəsinin qızışdırılması, müsəlmanlara (xüsusən də Azərbaycan türklərinə) qarşı çar hökumətinin aşağlayıcı münasibəti, nümayişlərə, tətillərə çıxan yüzlərlə günahsız insanların həbs edilməsi, sürgünə göndərilməsi, edam edilməsi və s. fəlakətlər məhz II Nikolayın əmrilə həyata kecirilməyibmi? Atalar yaxşı deyib: “nə tökərsən aışına, o, çıxar qaşığına!”.
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı