Vəkalət müharibəsindən (Proxy war) - dövlətlərarası müharibəyə doğru.

Bölmə: Siyasət › ,
Tarix: 09:00 19.03.2018

 

Əlimusa İbrahimov
Politoloq

Politoloq və konfliktoloqlar Suriyada gedən müharibəni birmənalı olaraq vəkalət müharibəsi (Proxy war) adlandırırlar. Bu növ müharibələr beynəlxalq münasibətlərdə dövlətlər kimi təmsil olunan qarşı-qarşıya düran aktorların birbaşa deyil digərlərinin vasitəsi ilə müharibə aparmaları hesab olunur , 3-cü tərəflər döyüş əməliyyatlarını həyata keçirirlər. Əsas qüvvələr isə hamı tərəfindən məlum olduğuna baxmayaraq birbaşa döyüşə girmirlər. Soyuq müharibə dövründən ABŞ və SSRİ arasında vəkalət müharibəsinə aid çoxlu sayda missal gətirmək olar: Kuba, Vyetnam, Koreya və Əfqanistanda aparılan müharibələr bu qəbildəndir.
Suriya münaqişəsi vəkalət müharbəsi formasında davam edir və bu gün orada münaqişənin iştirakçısı olan tərəflərin hamısı hiss edirlər ki, müharibə sonsuzluğa qədər qeyri-dövlət aktorları olan iştirakçılar vasitəsi ilə aparıla bilməz. Oyunçuların çoxluğu hesabına vəziyyət olduqca mürəkkəbdir: Bəşər Əsədə tabe olan qüvvələr, Hizbullah da daxil olmaqla İran tərəfindən idarə olunan silahlılar, Türkiyənin müdafiə etdiyi Azad Suriya Ordusu (FSA), Amerikanın arxasında dayandığı Xalq Müdafə Birliyinin ( YPG) də daxil olduğu Suriya Demokratik qüvvələri (SDF), kimə bağlılığı hələ də mübahisə mövzusu olan DAEŞ və tez-sahibini dəyişdirən və müxtəlif güclərə tabe olan Nusra cəbhəsi… Bu qarışıqlıqda milyonlarla Suriyalı doğma torpaqlarını, hətta ölkələrini buraxaraq qaçqın olmaq məcburiyyətində qalıb. Bu arada yüz minlərlə insanın həyatlarını itirdiklərini unutmaq olmaz. Umumiyyətlə münaqişədə öldürülənlərin hesabını aparmaq belə unudulub deyəsən bu qarışıqlıqda.
7 il öncə daxili siyasi qarşıdurma kimi başlayan local böhran İran, İsrail, Türkiyə kimi regional və Rusiya , Amerika kimi qlobal güclərin iştirak etdiyi dağıdıcı müharibəyə çevrilmişdir.
Vəziyyət hər keçən gün daha təhlükəli səciyyə almaqdadır və bu gün dövlətlərarası müharibənin astanasında dayanmışıq.
Dövlətlərarası müharibələr iki və daha artıq dövlətin vəya dövlət koalisiyalarının iştirak etdiyi müharibələrdir. Bu müharibələrin səbəbləri müxtəlif ola bilər. Yaxın tariximizdə SSRİ-Almaniya, İran-İraq, İraq-Küveyt müharibələri dövlətlərarası münaqişələrin bariz nümunələridir. Suriyadakı qüvvələr indi məhz dövlətlərarası müharibəyə doğru gedirlər.Tərəflər gözlənilən muharibədə öz yerlərini və kimə qarşı dayanacaqlarını müəyyən edirlər- Türkiyə Əsəd rejimi ilə, Əsəd rejimi ABŞ ilə, ABŞ-Türkiyə ilə, Rusiya ABŞ ilə, Türkiyə İran ilə, İsrail İranla üz-üzə dayanmışlar. Əllər tətikdədir. Mövcud olan qüvvələrdən heç birinin marağı üst-üstə düşmür kimi mənzərə müşahidə edilməkdədir. Birinci dünya müharibəsindən bir qədər əvvəl yaranmış vəziyyətə çox bənzəyən bir vəziyyət yaranmışdır. Ümid edək ki, sonrakı hadisələr tarixin eynilə təkrarı olmayacaq.
Amma hadisələrin inkişafı optimizmə yer buraxmır. Tərəflər artıq yerli qüvvələrin arxasında dayanıb vəkalət müharibəsi aparmaqdan yorulub birbaşa dövlətlərarası münaqişəyə keçməyə can atırlar. Türkiyə və İsrailin son hərbi fəaliyyətləri bu istiqamətdə atılan addım kimi qiymətləndirilməlidir.
Başlayaq İsraildən. Məlum olduğu kimi, İsrail vəkalət müharibəsinə son vermək üçün mümkün qədər tez dövlətlərarası münaqişəni qızışdırmaq cəhdində olduğunu nümayiş etdirir. O təhrikedici hərəkətləri ilə dövlətləri qeyri-müəyyən qüvvələrin arxasında gizlənməkdən çıxıb Suriyada nə istədiklərini açıq şəkildə bildirməyə səsləyir. Çunki hadisələrin hazırki səviyyədki gedişi İsraili qane etmir. Çünki onun hesablamalarına görə bu şəraitdə istənilən halda qalib gələn ölkələrin başında İran dayanacaq. Və doğrudan da Əsəd rejimi ilə münasibətlər fonunda İran indi Suriyada həmişə olduğundan daha geniş nüfuza malik ölkədir. Buna görə də İsrail qırıcılarının hədəfi İran və Suriya qüvvələridir. Yəni, İsrail təyyarələri İran və Suriya qoşunlarına eyni zamanda atəş açırdılar. İran İsrailin niyyətini zamanında başa düşdü və növbəti bombardmanların birində İsrail təyyarələrinə atəş açdı. Məğlubedilməz hesab olunan İsrail təyyarələrindən birini itirdi. Bununla da Suriya səmasında İsrailin hegemonluğuna son qoyuldu və beləliklə onun İran və Suriyay qarşı əlində olan ən güçlü vasitə məhv edildi. Qısaca, bu gün İsrailin İranla birbaşa müharibəyə girməkdən başqa yolu yoxdur kimi situasiya yaranıb. İki dövlət arasında klassik münaqişənin və ya müharibənin başlaması riski həmişə olduğundan daha yüksəkdir.
Zeytun budağı əməliyyatına başlamaqla vəkalət müharibəsi məngənəsindən çıxmağa cəhd edən ikinci ölkə Türkiyə oldu. Mövcud proseslərin onun əleyhinə istiqamət götürdüyünü vaxtında dərk edən Ərdoğan bu addımı ilə Türkiyəni gələcək dövlətlərarası müharibədən müəyyən qədər söğortaladı. Suriya münaqişəsində ən zəif halqa statusundə hesab olunan Türkiyə qısa zamanda layiq olduğu səviyyəyə qalxa bildi. Afrinin Kürd terrorist qruplarında təmizlənməsindən sonra Türkiyə daha geniş sahədə və öz təhlükəsizliyinə xələl gəlmədən manevr imkanları əldə etdi.
Regionda dövlətlərarası müharibənin daha qüvvətlə başlayacağını, başlayacağı təqdirdə kimin qalib gələcəyi və ya bu müharibənin nəticələrinin nədən ibarət olacağını proqnozlaşdırmaq olduqca mürəkkəb məsələdir. Bir məsələ aydındır ki, müharibə başlasa, Misirdən İrana, Suriyadan Yəmənə qədər bütün region alova bürünəcək. Vuruşan tərəflərdən müharibədə qalib gələni olsa belə, sonradan əyləşəcəkləri danışıqlar masası arxasında o istədiyinə nail ola bilməyəcək. Çünki beynəlxalq güclər mövcud situasiyanın kökündən dəyişdirilməsinə nə Türkiyəyə, nə İrana nə də İsrailə icazə verməyəcək. Müharibə İranla İsrail arasında getsə belə bu dövlətlər Suriya münaqişəsinin taleyini həll edə bilmnəyəcəklər və bu haqda xəbərdardırlar.
Buna baxmayaraq,müharibə riski getdikcə güclənməkdədir. Ona görə də ilk baxışdan mümkünsüz kimi görünən ssenari həyata keçə bilər. Bəlkə dövlətlərarası müharibə təhlükəsi regiondakı mövcud qüvvələri müəyyən mərhələdə dayanmağa məcbur edəcək. Bəlkə, Rusiya və ABŞ, İran və İsrail, Türkiyə və Əsəd rejimi indi özləri üçün qırmızı xətt müəyyən edəcəklər. Bu qırmızı xətt Suriya məsələsini bir dəfəlik həll etməsə belə regionda qarşıdurmanı və gərginliyi aradan qaldırmaq üçün mühüm addım olardı.