Müharibədən sağ çıxan qazilərimizi özümüz öldürməyək

Bölmə: Araşdırma › ,
Tarix: 13:56 19.06.2021

Qarabağ müharibəsi döyüşçülərinin – qazilərin əlillik dərəcəsi almaq problemi hələ də sosial şəbəkələrin gündəmində qalmaqdadır. Problem bəzi deputatlar tərəfindən parlamentdə səsləndirilsə də, konkret nəticə yoxdur. Qazilərin bir çoxu VTEK-lərdən (Həkim Əmək Tibbi Ekspert Komissiyası) əlillik dərəcəsi almadan geri qayıdır. Geri qaytarılanların hamısına da eyni söz deyilir. Sizin vəziyyətiniz əlillik üçün müəyyən edilmiş rəsmi standartlara uyğun gəlmir. Onu da deyim ki, əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı sözügedən standartlar Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi 413 saylı qərarla təsdiqlənib. Bu standartlara görə nəinki 44 günlük Vətən Mühabəsi iştirakçılarının bir çoxu əlillik dərəcəsi ala bimlir, heç Birinci Qarabağ Müharibəsində yaralanıb vaxilə əlillik dərəcəsi almış xeyli qazi də öz əlilliyini təsdiqlədə bilmir.  

 

 

"Qarabağ qaziləri" ictimai birliyi əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı Nazirlər Kabinetinin sözügedən 413 saylı qərarını qeyri-qanuni sayır. İctimai birlik ötən həftə bu məsələ ilə bağlı Milli Məclisə müraciət də ünvanlayıb. Müraciətdə deyilir ki, "Əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı qazilərin ciddi narazlığı var. Səbəb odur ki, Nazirlər Kabineti 2015-ci ildə gizli, yəni saxtakarlıq yolu ilə 413 saylı qərar qəbul edib. Deputat Musa Quliyev də mətbuata açıqlamasında bunu etiraf edib. Bütün problemlər buradan başalayıb. Yəni 2015-ci ilədək (əvvəlki qərarla) əlillik dərəcəsi alan qazilər, 2015-ci ildən sonra təkrar müayinəyə gələrkən əlillik dərəcəsi ala bilmirlər. Səbəb də odur ki, əlilliyə səbəb olan xeyli xəstəliklər 2015-ci ildə qəbul edilmiş 413 saylı qərarla siyahıdan çıxarılıb və buna görə də komissiya Qaziyə yenidən əlillik dərəcəsi verə bilmir. Hazırda Parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən yeni düzəlişlər layihəsi müzakirə edilir. Əgər bu layihə yaxşı olsa, qəbul edilsə belə, 2023- cü ildə qüvvəyə minəcək. Ona qədər isə Qazilərə qarşı haqsızlıq davam edəcək!”

 

 

"Qarabağ qaziləri" ictimai birliyi vəziyyətdən çıxış yolu kimi Nazirlər Kabinetinin 413 saylı qərarının ləğv edilməsini, yeni qərar qəbul edilənədək müayinə vaxtı çatan Qazilərin əlillik müddətinin 1 il uzadılmasını təklif edir.

 

 

Bəzi deputatlar və hüquq müdafiəçiləri hesab edirlər ki, qazilərə əillik dərəcəsi verilmədiyinə görə, VTEK-in həkimlərini qınamaq haqsızlıq olar. Həkimlərdə günah yoxdur. Çünki onlar həqiqətən də Nazirlər Kabinetinin 413 saylı qərarının məqbul saydığı yeni standartlar çərçivəsində fəaliyyət göstərirlər və ondan kənara çıxmaq səlahiyyətləri yoxdur. Əgər ortada bir narazılıq varsa, onu yaradan ayrı-ayrı həkimlər – yəni Tibbi Ekspert Komissiyasının üzvləri yox, məhz sözügedən standartlardır. Bu standartlarla bağlı hansısa addımlar atılmalıdır.

 

 

Keçmiş Qarabağ döyüşçüsü Rey Kərimoğlunun da fikrincə “Nazirlər Kabinetinin 2015 ci ildə qəbul etdiyi 413 saylı qərarı dərhal dayandırılmalıdır. Buna yönəlik, qanunvericilik bazası yenidən işlənməlidir:

 

 

“Məncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda parlamentdə müzakirəyə çıxarılan yeni düzəlişlər layihəsi qəbul edilənədək bu prosesi dayandırmaq daha məqsədə üyğundur”.

Rey Kərimoğlu bu layihənin müzakirəsindən də narazı olduqlarını deyir:

 

“Axı dövlət bilə-bilə ki, Nazirlər Kabinetinin saxta 413 saylı qərarı ilə 30-40 faiz Qaziyə əlillik dərəcəsi verilə bilməyəcək, niyə haqlı narazılıq yaradılır? Bəzi dövlət adamlarının ölkədə ortalığı qarışdırmaq cəhdləri göz qabağndadır!”

 

Qazilərin məsələ ilə bağlı narazılıqları günbəgün artır. Mətbuata çıxa bilməyənlər sosial şəbəkələr vazitəsilə dövlət başçısına müraciət sərgiləyən videogörüntülərini yayır, yazılar paylaşırlar. Qazilərin və onların yaxın ətrafının problemə emosional yanaşması təbiidir. Ömrünün bir hissəsini vətəni uğrunda müharibəyə həsr etmiş insanı, ömrünün qalan hissəsini də bədəni uğrunda mübarizəyə sərf etməyə məcbur eləmək başqa cür qarşılana da bilməz. Məmurlarla məsələ aydındır. Ortadakı vəziyyət belə düşünməyə əsas verir ki, bu məsələdə qazilərə kömək etmək istəyən məmurlar problem yaradanlardan zəifdilər. Ən azı hələlik. Bəs cəmiyyətin bu məsələyə münasibəti necə, adekvatdırmı? Təəssüf ki, o qədər də yox.

 

 

Əslində qazilər bu məsələdə mübarizə aparacaq sonuncu qrup olmalıdır. Onların hüquqlarını bütün cəmiyyət müdafiə etməlidir. Bütün QHT-lər, ictimai təşkilatlar bu işə qoşulmalıdır. Xalqımızın ziyalı təbəqəsindən, cəmiyyətin ictimai instututlarından müvafiq instansiyalara – xüsusən də Parlamentə və dövlət başçısına əsaslandırılmış müraciətlər göndərilməlidir.

 

 

Yəni hazıda bu problem qazilərdən daha çox cəmiyyət üçün bir sınaq, imthan anıdır. Əgər biz cəmiyyət olaraq hüququn imkan verdiyi üsullarla bu prosesə qoşulmuruq, qazilərimizə dəstək olmuruqsa, demək ki, adi vaxtlarda qazilərimizə, şəhidlərimizə sərgilədiyimiz sayğı da sünidir. Sual oluna bilər ki, şəhidlərin bu məsələyə nə dəxli var? Amma var. Çünki şəhidlərimizin bir çoxu məhz indi qazilərimizin əllilik dərəcəsi ala bilmədikləri yaralardan həlak olublar. Gəlin, bəxti gətirib həmin yaralardan sağ qalan qazilərimizi də özümüz öldürməyək.  

 

Qalib İsmayılov