Qulu Məhərrəmli: "Azərbaycanda rəqəmsal medianın inkişafının xüsusi ölçüsü yoxdur."

Bölmə: Sosial › , Araşdırma › ,
Tarix: 15:33 07.11.2022

Müasir dövrümüzdə jurnalistika müxtəlif şəkillərdə inkişaf edir, dəyişir, dönüşür və fərqli formatlarda ortaya çıxır. Medianın müasir formatlarından biri də məhz "Rəqəmsal media"dır. Rəqəmsal media jurnalistlərə informasiyanı daha operativ şəkildə çatdırmağa, oxuculara isə onu daha tez şəkildə əldə etməyə imkan verir. Burada əsas məsələ operativlik və tezlikdən əlavə verilən informasiyanın audiovizual şəkildə, sxemlər, müxtəlif şəkil və videolar vasitəsilə həmçinin də interaktiv formada oxuculara təqdim edilməsidir. Yəni rəqəmsal media özündə bir çox xüsusiyyətləri birləşdirir. Bəs görəsən Azərbaycanda rəqəmsal medianın inkişafı nə səviyyədədir? Biz bu sahədə nə qədər inkişaf etmişik? Bu kimi suallarımı müsahibim Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmliyə ünvanladıq.

 

Qulu müəllim, sizcə müasir dövrdə Azərbaycancanda rəqəmsal medianın inkişafı nə səviyyədədir? Bu sahədə nə qədər inkişaf etmişik və dünya ölkələri ilə yarışa bilirikmi?


-Azərbaycanda rəqəmsal medianın inkişafının xüsusi ölçüsü yoxdur. Söhbət həmin medianın həm texnoloji tərəfindən, həm də məzmun, yəni kontent tərəfindən gedir. Mənə elə gəlir ki, biz texnoloji baxımdan dünyada gedən proseslərlə eyni səviyyədə və həmahəngik. Sadəcə medianın menecmenti, idarə olunması, auditoriyanı cəlb etməsi baxımından şübhəsiz ki, problemlər var, bu da birbaşa peşəkarlıq, etik qaydalar və.s. nüanslarla bağlıdır.


Bir qəzetin sadəcə veb saytının olması onun onlayn şəkildə də operativ formada fəaliyyət göstərməsi deməkdirmi? Onlayn fəaliyyət sadəcə veb sayta sahib olmaqla bitirmi?


-Əlbəttə, müasir dünya təcrübəsi onu göstərir ki, qəzetin həm çap variantı, həm də onlayn, yəni sayt formasında variantı mövcuddur. Məncə, qəzetin onlayn şəkildə fəaliyyət göstərməsi, yəni onun artıq onlayn mediaya, rəqəmsal mühitə aid olması ilə bağlıdır. Düşünürəm ki, qəzetin onlayn olmağının müsbət və mənfi cəhətləri var. Müsbət tərəfi ondan ibarətdir ki, siz əgər bir qəzetin oxucususunuzsa və onun veb səhifəsini izləyirsinizsə ordan daimi, dəyişən, yenilənən çoxlu sayda məlumatlar alırsınız. Yəni izləyirsiniz, bəzi şeyləri qəzetdən oxuyursunuz, amma daha çox operativliklə burada üzləşirsiniz və baş verən hadisələrə dərhal reaksiyaların çatdırılması bura daxildir. Mənfi cəhəti də ondan ibarətdir ki, bizim bir çox saytlar, elə veb səhifəsi olan onlayn elektron qəzetlər də necə gəldi məlumatları yeniləmək xatirinə bunları səhifəyə qoyurlar və onların bir çoxu xəbər keyfiyyəti daşımır. Yəni nəyi necə gəldi, "ata qızını döydü", "qız evdən qaçdı" və.s. bu kimi mənasız xəbərlər yazırlar.


Dünya KİV-lərində lokal olaraq bizim də tətbiq edə biləcəyimiz hansı ən son rəqəmsal media formatları var?


Bilirsiniz bu rəqəmsal sistemdə şaxələnmə gedir deyə heç nəyi ən son hesab etmək olmur. Məsələn, bu gün podkastlar dəbdədir, hamı onu qəbul edir, yayır, reklamla bağlı məlumatlar, insan taleləri ilə bağlı məlumatlar və s hamısı ora rahat yerləşdirilir.Bilgi verən, məlumatlandıran, yönləndirən çoxlu podkastlar və.s. Ona görə də, ən son rəqəmsal format anlayışı mənim düşüncəmə görə şərtidir. Bu gün podkast var, bir neçə gündən sonra tamam başqa yeni şeylər olacaq. Amma mənə elə gəlir ki, biz hər halda dünyada mövcud olan, yəni rəqəmsal mühitdə, qlobal şəbəkədə mövcud olan bir çox forma və üsullardan istifadə edirik. Mənim tanıdığım çoxlu saytlar, yeni gənclər var ki, onlar bunun öndəri kimi, çox aparıcı, lokomativ rol oynayırlar.


Rəqəmsal medianın inkişafı gələcəkdə ənənəvi medianın (TV, qəzet, radio və.s.) tənəzzülünə səbəb ola bilərmi?


Bu sual, ümumiyyətlə, həmişə dəbdə olub. Yəni rəqəmsal media çıxırsa, yazılı, ənənəvi media qəzet, radio tənəzzülə uğraya bilərmi? Bilisiniz, vaxtilə məsələn televiziya çıxanda hamı deyirdi ki, kino öldü, teatra gedən olmayacaq və.s. Amma televiziya bəlli bir səviyyəyə çatdı, teatr da inkişaf elədi. Kino yeni texnoloji alətlər əldə edir, lazer sisteminə keçir. Çəkilişlərdə rəqəmsal avadanlıqlardan istifadə olunur. Amma bununla yanaşı hərəsi öz platformasında yoluna davam edir. Yenə də əbədi olaraq dəyişməz bir şey var ki, o da məzmun, peşəkarlıq və forma axtarışlarıdır. Yəni sualınızın cavabını ümumiləşdirərək bunu deyə bilərəm ki, əlbəttə rəqəmsal medianın ortaya çıxması, sürətlə inkişafı, texnoloji möcüzələr onu xeyli cazibədar edir və müəyyən dövrdə televiziya, radio, qəzət üçün əlbəttə ki, o bir rəqabət mühiti və üstünlük qazanır. Amma bununla yanaşı, bu heç də o demək deyil ki, rəqəmsal media televiziya, radio və qəzeti sıradan çıxaracaq, onun tənəzzülünə səbəb olacaq. Şübhəsiz ki, qəzetin tirajı azalacaq, şübhəsiz ki, tamaşaçı auditoriyası, dinləyici auditoriyası daralacaq. Amma bununla yanaşı televiziya da, radio da, qəzet də, həmin o rəqəmsal mediadan ustalıqla inkişaf edib, özü o səviyyədə dayana bilir. Yəni bunların arasında çox ciddi əlaqə olur və həmin o böhrandan, tənəzzüldən çıxmaq üçün televiziya, radio və qəzet çox ciddi addımlar atmağa məhkumdur. Yəni bu onlar üçün bir tale məsələsidir.

Yaşlı nəslin rəqəmsal mediaya münasibəti və medianın bu növündən faydalanma dərəcəsi nə qədərdir?


Bilirsiniz, vaxtilə latın əlifbasına keçəndə bu, yaşlılar üçün problem yaratmışdı. Mənim bir televiziya, media layihəsi yadımdadır. Onun adı belə idi, "Yaşlılar üçün latın əlifbası". Baxın, yaşlılar da fərqlidir, rəqəmsal texnologiyanın qarşısında təslim olub diz çökənlər də var, dərhal çevik şəkildə ona uyğunlaşanlar da. Şübhəsiz ki, yeni nəsillə müqayisədə həmin yaşlı nəslin uduzduğu bir çox məqamlar var, amma biz bir çox yaşlı insanların internetdən, kompüter texnologiyalarından, hətta sosial şəbəkə imkanlarından necə gözəl bəhrələnməsinin şahidiyik. Yəni hər dövrün, hər nəslin özünün texnologiyası var. Biz bu reallığı qəbul etməliyik. Etməliyik və bilməliyik ki, indi 3-4 yaşında planşet işlədən uşaqla yaşlı nəslin qavrayışı və alətlərlə işləmə bacarıqları eyni deyil. Amma yenə də qeyd edirəm, biz bütün vasitələrdən istifadə edib kontenti cazibədar, gözəl, anlaşıqlı bir şəkildə auditoriyaya çatdırmalıyıq. O zaman burda artıq nəsillərin bacarıq və vərdişlərindən deyil, məzmunun necə çatdırılmasından danışa biləcəyik.

 

Röya Yusifbəyli, BDU, Jurnalistika fakültəsi, II kurs tələbəsi