Əfqan Qafarlı: "Sosial şəbəkələrdə reklam yerləşdirirlər, KİV-lə əməkdaşlığa maraq göstərmirlər"

Bölmə: Araşdırma › , MEDİA › ,
Tarix: 22:23 05.12.2022

 

Bu gün dünyada bir çox tanınmış media qurumları rəqəmsal platformalarda gəlir mənblərini reklamdan çox pullu abunəliyə yönəldir. İstehsal etdikləri kontentin keyfiyyətinə güvənən media şirkətləri çox rahatlıqla abunəçi toplaya bilir və qazancının böyük faizini bu model üzərindən əldə edir. Bəs Azərbaycanda necə, informasiya saytları gəlir mənbələrini ödənişli abunəliyə yönəldə bilirmi? Mövzu ilə bağlı modern.az saytının redaktoru Əfqan Qafarlının fikrini paylaşırıq. 

Modern.az reklamlardanmı, yoxsa abunəlikdənmi daha çox qazanır?

 

- Azərbaycanda internet media sektorunun sürətli inkişafı məntiqlə reklam bazarının da genişlənməsinə səbəb olmalıydı. Amma təəssüf ki, hazırkı vəziyyət fərqlidir. Başqa sözlə, Azərbaycanda internet reklam bazarı dünya standartlarından çox uzaqdır.
Reallıqda reklam bazarımızın həcmi də o qədər böyük deyil. Üstəlik də reklam bazarına daxil olmaq, orada yer tutmaq çox çətindir. Əksər reklam verən şirkətlər daha çox telekanallar və radiolarla əməkdaşlığı üstün tuturlar. Saytlara reklam verən qurumlar azlıq təşkil edir. Bu məsələdə də tapşırıq, tanışlıq və digər dolayı yollar mühüm rol oynayır.
Digər bir məsələ odur ki, son vaxtlar bir çox şirkətlər Facebook, Instagram kimi sosial şəbəkələrdə reklam yerləşdirirlər, KİV-lə əməkdaşlığa maraq göstərmirlər.
Bu sahədə başqa problemlər də var: saytlara reklam verən şirkətlərin əksəriyyəti üçün əsas meyar yalnız auditoriyanın ümumi sayı olur. Keyfiyyəti isə onları maraqlandırmır.
Dünya təcrübəsindən çıxış etsək, gündəlik xəbər yayımı ilə məşğul olan aparıcı kütləvi informasiya vasitələrinin normal reklam gəlirləri olmalıdır. Azərbaycanda isə belə deyil.
Reklam verən şirkətlər, abunəyə yazılan qurumların təklif etdiyi ödənişlər də yüksək məbləğlər təşkil etmir.
Bir sözlə, Azərbaycanda KİV-lə bağlı normal reklam bazarı mövcud deyil.
Konkert olaraq Modern.az-a gəldikdə, gəlirlərimizin bir qismi az sayda reklamlardan, bir qismi də abunəlikdən gəlir. Bu iki sahədən əldə etdiyimiz qazanc yüksək məbləğ təşkil etmir. Belə deyə bilərəm ki, hardasa bəlkə də bərabərdir.

 

İnternet jurnalistikasında abunəlikdən qazanma perspektivini necə görürsünüz?

 

- Qeyd etdiyim kimi, internet jurnalistikasında reklam sahəsilə yanaşı, abunəlikdən gəlir əldə etmək asan başa gəlmir. Abunə yazılmağa maraq azdır. Ümumiyyətlə, abunəlik adətən çap formatına uyğun gələn anlayışdır: abunə yazılırsan, çap məhsulunu əldə edirsən.
Saytlarla bağlı məsələ bir qədər fərqlidir. Tutaq ki, hansısa tip xəbərlərin abunəliyini təşkil etmək üçün onun açıq yayımı məhdudlaşdırılır, saytdakı həmin qapalı informasiyanı yalnız abunə yazılan şirkət və digər qurumlar, eləcə də şəxslər oxumaq imkanına malik olurlar. Amma təcrübə göstərir ki, bu üsul saytın informasiya siyasətinə zərbə vurur, oxucu sayının azalmasına təsir edir, həm də o məhsulu almaq istəyənlər çox deyil. Biz dəfələrlə görmüşük ki, bu cür abunəlik yolu seçən elektron KİV-lər bir çox hallarda müəyyən müddət sonra ondan imtina ediblər.
Belədə bəzi saytlar xidməti əməkdaşlıq fəaliyyətindən yararlanmağa çalışır, məsələn hansısa bir nazirlik, komitə, ya da deputatla xidmət müqaviləsi bağlayır, müəyyən məbləğ qarşılığında onun informasiyalarını, gördüyü işlər barədə hesabat xarakterli yazıları dərc edir. Amma bəzən xəbər lentinə bu cür “boz yazıların” ard-arda düzülməsi də saytın imicini korlayır. Bu da son nəticədə oxucu auditoriyasına mənfi təsir göstərir.
Hələ ki, internet jurnalistikasında abunəlikdən qazanma perspektivi barədə müsbət fikir söyləmək çətindir.

 

Ölkəmizdə ödənişli abunəlikdən qazanma siyasəti nəyə görə inkişaf etdirilmir?

 

- Bunun səbəbini yuxarıda izah etməyə çalışdım. Xəbər və ya başqa janrda olan yazını yalnız abunəçilər üçün yayımlamaq saytın oxucu auditoriyasına mənfi təsir edir. Və bu, media rəhbərlərini rəqabətdə kiməsə uduzacağına görə çəkindirir. Onsuz da media bazarında normal rəqabət mühiti yoxdur. Bir tərəfdən də qapalı xəbərlərlə oxucu itirmək istəmirlər.
Digər tərəfdən də xəbərlərə abunə yazılmaq istəyən azdır, ya da yoxdur… Bu gün vəziyyət belədir, sabah necə olacaq, onu da gələcək göstərəcək.

Modern.az saytı 2009-cu il sentyabrın 1-dən fəaliyyətə başlayıb. Sayt müxtəlif janrlarda yazılar təqdim edir: xəbər, reportaj, müsahibə, araşdırma, oçerk və s.
Modern.az özünəməxsus layihələri və fərqli təqdimatları ilə geniş oxucu auditoriyasına malikdir. Hazırda ölkənin əsas xəbər saytları sırasında ilk “10-luq”da yer alan Modern.az ölkədə və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv və operativ yanaşmaq üslubu seçib.

 

 Həcər Əmiraslanlı, BDU, jurnalistika fakültəsinin tələbəsi