Bir xalqın zəfər tarixi...
Bölmə: Araşdırma › ,Tarix: 12:28 04.04.2023
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim. (Məmməd Araz)
Vətən... Bu söz kiçiyindən böyüyünə kimi hər kəsə tanış olan bir anlayışdır. Hansı ki insan oğlu doğulduğu torpaqlarda yaşayaraq nəfəs alır və ölərkən də o torpaqların qoxusunu alaraq dünyadan köçür. Lakin bəzən insanlar bu yaşadığımız torpaqlar uğrunda bir-biriləri ilə mübarizə aparırlar və nəticədə onların bu mübarizəsi müharibəyə səbəb olur. Beləliklə,müharibələr həyatın qaçınılmaz qanununa çevrilir.
Müharibələr kütləvi itkilərə, iqtisadi çöküşlərə,ekoloji çirklənməyə və daha nələrə səbəb olur. Biz müharibənin yaratdığı mənfi hadisələri sadalaya bilərik. Lakin onun yaratdığı duyğuları isə sadalaya bilmirik. Müharibələr qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir. Bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır. Ancaq bu, Azərbaycan xalqına heç də tanış olmayan bir hadisə deyil. Biz keçmişdən indiyədək daim düşmənlərimizlə mübarizə aparmışıq. Dəfələrlə bizi əsarət altına, müstəqiliyimizi əlimizdən almağa çalışsalar da, yenə də qələbə qazanan biz olduq. Müstəqilliyimizi əldə etsək də yenə də mübarizə içindəyik. 1992-ci ildən etibarən Ermənistan Respublikası Qarabağa hücum edərək torpaqlarımızın bir hissəsini işğal etdi. Ermənilər Qarabağdakı torpaqlarımızın bir hissəsini işğal etməklə yanaşı, həmçinin Qarabağın yerli əhalisinə qarşı tarixdə görülməmiş qətliamlar, soyqırımlar həyata keçirdilər. Zorakılıqlarla yanaşı, yerli əhali işğal edilmiş torpaqlardan deportasiya edilməyə başlandı. Nəticədə həm torpaqlarımız əlimizdən alındı, həm də müharibə ilə üz-üzə qaldıq.Həmin vaxt vəziyyətin gərgin olmasına baxmayaraq,bir çox Azərbaycan oğlu cəbhəyə yollandı və qəhrəmancasına döyüşərək vətən uğrunda şəhid oldular. Amma 1994-cü ildən etibarən Azərbaycan – Ermənistan arasında atəşkəs elan edildi. O gündən indiyədək 30 il ərzində torpaqlarımız işğaldan azad edilməsini və ona qovuşacağımız günü böyük bir ümidlə gözləyirdi. Nəhayət, o gün gəldi.
2020-ci il 27 sentyabr, saat 6 radələri...
Ermənistan Silahlı Qüvvələri Ermənistanın hərbi- siyasi rəhbərliyinin əmri ilə Azərbaycan Respublikasının ərazilərinə,o cümlədən mülki əhaliyə qarşı cinayətlər törətməyə başladı.Və bu zaman gözlənilmədən Azərbaycan Respublikasının Ali baş komandanı İlham Əliyevin əmri ilə 2020-ci il 27 sentyabrdan etibarən Azərbaycan Ordusu təcavüzkar Ermənistan Silahlı Qüvvələrinə qarşı”Dəmir yumruq” əməliyyatına başladı. Beləliklə,İkinci Qarabağ müharibəsi başladı. 28 sentyabrdan etibarən bütün ölkə ərazisində hərbi vəziyyət elan olundu və həmin gündən etibarən ölkə ərazisində qismən səfərbərlik elan edildi. Bu xəbər 30 il ərzində intiqam eşqi ilə alışıb yanan xalq arasında bir qığılcıma çevrildi. Bu qığılcım həm ön cəbhədə,həm də arxa cəbhədə vuruşan xalqımızı “ayrılmaz yumruq”kimi birləşdirdi. Həmin vaxt Azərbaycanla bağlı dünya mediasında, dünya siyasətində gərginlik olsa da,xalqımızın qələbəyə olan inamı heç vaxt itmirdi.Çünki onlar inanırdılar ki, əsgərlərimiz düşmənə layiqli cavablarını verərək tezliklə torpaqlarımız işğaldan azad edəcək. 2020-ci il,oktyabrın 3-ü... Artıq ilk qələbə xəbərimiz gəldi. Suqovuşan azad edildi və bu qələbə xalqımızın qələbə əzmini daha da artmasına səbəb oldu. Növbəti günlərdə isə Cəbrayıl, Hadrud və digər ərazilər azad edilməyə başlandı .Qələbə xəbərlərimizi eşitdiyimiz günlərdə gözlənilmədən bir hadisə baş verdi. Gəncə faciəsi... Müharibə gedişatında bir gecənin içində təcavüzkar düşmən Gəncəyə raketli bomba atdı. Nəticədə bir çox insan yaralandı,bəziləri isə vəfat etdi. Onların içində yaralanan və ölən uşaqlar da var idi. Yaralanan uşaqların bəziləri bir valideynini, digərləri isə hər iki valideynini itirdi. Bu ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ən böyük cinayətlərdən biri idi. Lakin ordumuz düşmənin törətdiyi bu cinayətə görə ona layiqincə cavab verdi.Tezliklə Füzuli, Zəngilan, Qubadlı azad edildi. 2020-ci il,8 noyabr...Tarixi Zəfər günümüz...
Prezident İlham Əliyev:
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyiq!
Şuşa bizimdir! Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Nəhayət, o gün gəldi. Şuşa azad edildi. Həmin gün bu zəfərimiz böyük bir izdihamla, qürurla qeyd edildi. Şuşanın azad edilməsindən dərhal sonra 2020-ci il, noyabrın 9-dan 10-na keçen gecə prezident İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında Üçtərəfli bəyanat imzalandı. Nəticədə müharibə başa çatdı.Heç bir atəş açılmadan digər ərazilərimiz azad edildi.
Bəli, biz bu müharibədən həm itkilərlə,həm də qələbələrimizlə çıxdıq. Lakin bizlər həmişə sülh tərəfdarı olduğumuz kimi eyni zamanda müharibəyə də hazır olmuşuq. Ona görə də bizlər həm torpaqlarımızı azad etmək, həm də sülh əldə etmək üçün mübarizə aparmağı seçdik. Əgər 30 il sonra biz öz doğma torpaqlarımıza qovuşa bilmişiksək, bunu vətən uğrunda canlarından keçən qəhrəmanlarımız sayəsində bacarmışıq. Bu gün biz onlara borcluyuq. Bizim zəfərimiz dünyaya sübut etdi ki, xalq bir olub” ayrılmaz yumruq” kimi birləşdiyi an onları heç kim məğlub edə bilməz.
Fatimə Mustafayeva, BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi