"Bu tələbələr məhz həmin arayış ilə qeydiyyatdan keçməlidirlər"

Tarix: 23:22 20.07.2023
18 iyul tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul müsabiqəsinin nəticələri elan olunub.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 17359 bakalavrdan 13286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr pilləsini qırmızı diplomla bitirən Züleyxa Ağaməliyeva magistratura pilləsi üçün Bakı Slavyan Universitetinə daxil olub. Lakin universitetdəki sistemi bilmədiyinə görə, müəyyən suallar yaranıb.
Təhsil eksperti Elçin Əfəndi Züleyxa və magistratura pilləsinə qəbul olduqları universitetlərə sənəd vermək istəyən digər tələbələrin suallarını cavablayıb. Bildirib ki, qəbul üçün sənədlərin təqdimində şəxsiyyət vəsiqəsi, əgər diplom yoxdursa, universitetdən arayış alınıb təqdim edilməsi, tələbə ödənişli magistratura oxumaq haqqı qazanıbsa, ödənişin qəbzi və s. kimi sənədlər təqdim edilməlidir. Ekspert sənədlərin yalnız onlayn şəkildə portal.edu.az saytına scan olunub PDF formatında göndərilməli olduğunu vurğulayıb. O, həmçinin Züleyxanın sağlamlıq arayışı ilə bağlı olan sualını da belə cavablayıb:
"Universitetə zəng edərək bu haqda məlumat əldə edilməlidir ki, arayışın təqdim edilib-edilmədiyini öyrənilsin. Portal.edu.az-da bu tələb göstərilə də bilər, göstərilməyə də bilər"
Elçin Əfəndi hələ də tələbələrə diplom verməyən universitetlər haqqında danışıb və bunun oktyabr - noyabr aylarını əhatə etdiyini, arayışın təqdim edilməli olduğunu bildirib. O, tələbələrin məhz həmin arayış ilə qeydiyyatdan keçməli olduqlarını deyib.
Sənəd təqdim edilməsini izləyərək öyrənmək istəyənlərə https://t.me/elchin_efendi/10626 linkini, əlavə sualları olan tələbələrin 146 və 1653 nömrələri ilə əlaqə saxlaya biləcəklərini qeyd edib.
İnformator.az bildirir ki, BDU-nun magistratura pilləsinə qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək elektron qaydada portal.edu.az saytından qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Aydan Qasımova