NƏVƏLƏRİNİ DÖYƏN NƏNƏDƏN XƏBƏR VAR
Bölmə: Hadisə › ,Tarix: 16:32 14.08.2023
Sumqayıtda nənənin az yaşlı nəvəsinin döyərək ona işgəncə verdiyi iddia olunur. Hətta işgəncə gördüyü iddia edilən uşağın görüntüləri də yayılıb. Hadisə Sumqayıt şəhər Nəriman Nərimanov küçəsi mənzil 27 ünvanında baş verib. Uşaqların nənəsi Ülviyyə Abdullayeva 3 azyaşlı nəvəsi ilə birlikdə həmin ünvanda kirayədə yaşayırmış. Nənə deyir ki, hər üç uşaq qeyri-rəsmi nigahdan dünyaya gəlib. Uşaqların anası isə ötən il dünyasını dəyişib. Döyüldüyü iddia olunan azyaşlı doğulduğu gündən övladlığa verilibmiş. “Kiçik nəvəm dünyaya gələndə qızım öz əli ilə onu bir ailəyə, övladı olmayan bir ailəyə övladlığa verdi. Xəstəxanadan bir başa evlərinə apardılar. Sənəd işi yarımçıq qaldı. Sonra da qızım rəhmətə getdi. Biz onlara sənəd verə bilmədik. Uşağı götürən xanıma dedim ki, qoy qəyyumluğu alım, ondan sonra dövlətin əli ilə uşağı sənə verim. Öz aramızda yox, öz aramızda mən sənə sənəd verə bilmərəm. Ondan sonra bu xanım başladı mənimlə intriqa aparmağa”.
Ülviyyə Abdullayeva iddia edir ki, nəvəsini həmin ailəyə vermədiyi üçün qadın ona bu şəkildə böhtan atıb. “Sumqayıta köçəndən sonra iyun ayında mənim həmin balaca nəvəm yıxıldı. Taxtın başına çıxmışdı, ordan yıxıldı. Yıxılanda çiyni sınmışdı. Apardım onu rentgenə, həkim dedi ki, gips qoyulmalıdır”. Nənə deyir ki, bu hadisədən sonra uşağı övladlığa götürən xanım xəbər etmədən iki gündən bir onlara gəlib. “Gördüm bu dəfə öz bacısını da salıb yanına gətirib. Gəldi ki, ver Əminəni aparım, 10 gün saxlayım. Bunun da üzü göyərmişdi, yıxılmışdı velosipeddən, gözü ilə qaşının üstü, qulağı göyərmişdi. Mən ona uşağı vermədiyimə görə başladı ki, mən gedib polisə şikayət eləyəcəm, deyəcəm ki, nənə uşağı döyür”.
Şikayət daxil olduqdan sonra Ülviyyə Abdullayeva polis bölməsinə çağırılaraq izahatı alınıb. DİN-in əməkdaşı Ağgül Həmdizadənin sözlərinə görə, Sumqayıtda yaşayan Ülviyyə Abdullayeva Rəsulqızının himayəsində olan 3 uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin ünvanda olarkən Ülviyyə Abdullayevanın himayəsində olan 3 azyaşlıdan birinin - 2021-ci il təvəllüdlü uşağın bədənində xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olduğu nənəsi ilə birlikdə təcili tibbi yardım şöbəsinə aparılıb”.
Azyaşlı 1 həftə xəstəxanada müalicə aldıqdan sonra nənənin himayəsindən alınaraq sığınacağa yerləşdirilib. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyir ki, uşağın tibbi müayinəsi zamanı məlum oldu ki, körpədə tərəfli pinevmaniya xəstəliyi, qulaqlarında problem var. Aldığı travmalardan qulaq pərdəsi qalınlaşıb.
Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Ülviyyə Abdullayeva barəsində cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Nənənin himayəsində olan digər iki azyaşlının da sığınacağa yerləşdirilməsi ilə bağlı işlərə başlanılıb.
LAMİYƏ