NÖVBƏLƏRDƏ GÖZLƏYƏNLƏRƏ "YAŞIL İŞIQ"
.jpg)
Tarix: 23:11 27.09.2023
İki ildir məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron formada həyata keçirilir. Qeydiyyatdan sonra təsdiq bildirişi alan valideyn övladını baxçaya yola salır. Amma təəssüf ki, hər kəs belə etmir. Məsələn, adını sistemə yazdırmağı bacaranların bəziləri övladını aylarla təhsil ocağına göndərmir. Həqiqətən də baxçaya ehtiyacı olanlar isə məcburən daha bir il növbədə gözləməli olur. Elm və Təhsil nazirliyinin tətbiq edəcəyi yeni sistemlə belə valideynlərin övladları avtomatik olaraq baxçadan uzaqlaşdırılacaq.
Özəl müəssisələr ödənişli olduğundan hər kəs yararlana bilmir təbii ki. Bu da növbədə gözləyən bəzi valideynlərin narazılığına səbəb olur. Ötən il bənzər problemlərə görə 200-dən çox valideyn bir il növbədə gözləməli oldu. Elm və Təhsil Nazirliyinin sektor müdiri İlahə Rəsulova “ARB Xəbər”ə bildirib ki, bu ilki statistika mövsümün ortasında bəlli olacaq, amma məktəbəqədər təhsil ocaqlarından nazirliyə verilən məlumata görə bir aya yaxındır fəaliyyətə başlayan baxçalarda yayınma halları yenə də müşahidə edilməkdədir. “Valideynlər öz uşaqlarını bu sistemlə baxçaya qeydiyyata alırlar və sonra aylarla baxçaya gətirmirlər. Valideyn artıq arxayın olur ki, onun uşağı baxçadadır və istədiyi vaxtda da baxçaya gətirə bilər. Bu önəmli dövr, yəni məktəbəqədər təhsil bir önəmli dövrdü, bu dövrdə siz uşağınızı həmin təhsildən uzaqlaşdıracaqsınızsa, o zaman siz ümumiyyətlə qeydiyyata düşməyin və digərlərinin yerini tutmayın”.
Problemin bir dəfəlik həlli yolu sözügedən valideynlərin övladlarını sistem üzərindən baxçalardan xaric etməkdə görür cavabdeh qurum. Bunun üçün yeni təlimat hazırlanır. Layihəyə əsasən üzürsüz səbəbə görə təhsil ocağından yayınanların yerinə növbələrdə gözləyənlər götürüləcək. Çünki artıq növbədə kifayət qədər valideyn var, öz növbəsini gözləyir. Yeni sistemin gələn ilin birinci rübündə təstiqlənməsi gözlənilir. O vaxta qədər məktəbəqədər təhsil müəssisəsindən yayınanlar qeydiyyata alınacaq və deyilən formada tədbir görüləcək.
GÜNDÜZ VAQİFOĞLU

1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.