QARAJDA YER TAPA BİLMƏYƏN ZİBİL MAŞINLARI SAKİNLƏRİN PROBLEMİNƏ ÇEVRİLİB
.jpg)
Tarix: 23:17 27.09.2023
Qaraj üzünə həsrət qalan üfunət qoxulu zibil maşınları Binəqədi sakinlərinin nəfəsini kəsir. Problem sadəcə qoxuda deyil, hərəkət iştirakçılarının gediş-gəlişində də çətinlik yaranır. İllərdir çıxış yolu axtaran cavabdeh qurum “nəticə yoxdur” deyir. Niyəsini “ARB Xəbər” araşdırıb.
Ərazidəki zibil maşınlrı içi dolu halda yolun kənarında saxlanılır, Baxmayaraq ki, bir az irəlidə zibil maşınlarının qarajı yerləşir. Yaşayış evlərinin yanında yerləşən qarajın həm içərisində, həm də qarşısında kifayət qədər zibil maşını saxlanılır. Bu, həm orda yaşayan sakinlərə, həm də həmin ərazidən keçən avtomobillərə problem yaradır. Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı dəfələrlə cavabdeh qurumlara şikayət etsələr də, müraciətləri nəticəsiz qalıb. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat birliyindən isə deyildi ki, rayonun bütün zibil yükü onların səlahiyyətindədir. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Vəli Əliyevin sözlərinə görə, bu yükün altından çıxmaq üçün zibil maşınlarının sayını artırsalar da, təəssüflər olsun ki, sözügedən avtomobillərə ayrılan ərazi balacadır. “Bu səbəbdən sürücülər məcbur olub zibil maşınlarını küçədə saxlayırlar. Ərazi sənaye ərazisidir, sənaye zonasıdır. Vətəndaş ora gələndə bilməli idi ki, hara gəlir. Yəni, bu yaşayış zonası döyül. Orda istəsəz də, istəməsəz də spesifik iy, səs olur. Amma gələcəkdə ola bilər ki, yeni nəqliyyat sahəsi üçün ərazi ayrılsın, köçürülsün. Sadəcə olaraq yaxın gələcəyə elə bir perspektiv yoxdur”. Qurum rəsmisi ərazidə saxlanılan maşınların içərisinin zibillə dolu olmasına isə belə aydınlıq gətirir: “gündə iki saat qalır, gedib boşaldır, axşam da gəlib həmin yerdə dayanır. Bəli, spesifik qoxu var. Onlar artıq yerləşməyənlərdir”.
Hər halda, təkcə spesifik qoxu deyil, qurumlar mövcud anti-sanitar vəziyyətin hansı xəstəliklər yarada biləcəyini düşünsə, məsələnin tezliklə həll olunmasına çalışar. Əks halda, təkcə yolda sürücülər deyil, yaxınlıqda yaşayan sakinlər hələ bir müddət də bu problemlə üz-üzə qalacaqlar.
LAMİYƏ

1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.