Mayakovskidən çox ucada dayanan dahimiz

Bölmə: Mədəniyyət › ,
Tarix: 08:51 28.09.2023

Qarşımda “Ədəbiyyat və incəsənət” qəzetinin 1963-cü ildə çap olunan bir neçə sayı var. Qəzet o zaman həftədə bir dəfə çap olunub, redaktoru da Yusif Əzimzadə olub. Diqqətimi qəzetin 20 iyul 1963-cü ildə çap olunan 29-cu sayı cəlb etdi. Qəzetin bu sayı bütövlüklə sovet dövrünün məşhur yazarı, rus şairi Vladimir Vladimiroviç Mayakovskinin yaradıcılığına və həyatına həsr edilib. “İnqilabi poeziyanın mayası” rublikası altında məqalələr, şeirlər, şəkillər və s. materiallar çap edilib.

 

“Böyük müasirimiz” adlı baş məqalənin müəllifi filologiya elmləri namizədi Həbib Babayevdir. Həbib müəllim yazırdı ki, “Mayakovski poeziyasının ilham mənbəyi Kommunist Partiyası, Lenin ideyalarıdır. Ona görə də bu poeziya daimi yaşardır”. Amma zaman uzun illərdən sonra Həbib müəllimin yanlış fikirdə olduğunu sübut etdi.

 

“V.V.Mayakovski və dünya poeziyası” adlı məqalədən isə belə bəlli olur ki, Mayakovski olmasaydı, sən demə dünya poeziyası qara günə qalardı. Məqalənin müəllifi İ.İsmayıloğlu bu haqda yazırdı: “Ölməz alman sənətkarları Bertold Brext və İohannes Bexer, Çexoslavakiyanın iftixarı Vitezslav Nezval, Stanislov Kostka Neyman, polyak Vladislov Rronevski, Ulyan Tuvim, amerikalı Lenqston Hyuz, kubalı Nikolas Gilyen, braziliyalı Amadu, onlarla, yüzlərlə görkəmli söz ustası Mayakovski poeziyasından ilham almış, onun ölməz ənənələrindən faydalanmış... poetik yaradıcılığın zirvəsinə yüksəlmişlər”.

 

İ.İsmayıloğlunun bu fikirləri “Böyük şairin xatirəsi”, “Unudulmaz görüş”, “Təsviri sənətin mübariz janrında” və s. məqalələrdə də dönə-dönə vurğulanır. Sən demə, Səməd Vurğunun “Söz cəbhəsinin komandanı” adlandırdığı Mayakovski dünyaya gəlməsəydi, şair olmasaydı, nə rus, nə də dünya poeziyası olardı. Həm gülünc, həm də təəssüf doğuran bir fakt deyilmi? Mən V.V.Mayakovskinin böyük şair olduğunu inkar etmirəm. Amma bu dərəcədə məddahlıq? Əslində zaman, məkan sübut etdi ki, Mayakovski poeziyası həmişə yaşar deyil. Onun fəxrlə “Alın...a! Yana-yana qalın..a. Mən Sovet vətəndaşıyam” söyləməsi də sovetlər kimi tarixə qovuşdu. Amma şanlı-şərəfli bir tarixə yox, qanlar-qadalar üzərində qurulan  imperiyanın tarixinə.

 

Qəzetin həmin sayında bir şəkil də diqqətimi çəlb etdi. Şəkilə baxarkən yadıma görkəmli tədqiqatçı, o dövrün canlı ensiklopediyası Qulam Məmmədlinin bu haqda söylədikləri düşdü. Bir dəfə Qulam müəllimdən “Cavid ömrü boyu” kitabı ilə bağlı müsahibə götürürdüm. O, müsahibədən sonra kitab rəfindən bir şəkil götürdü və mənə göstərib dedi: “1927-ci ilin dekabrında V.V.Mayakovski Bakıya gəlmişdir. O, Bakıda Azərbaycan Proletar Yazıçılar Cəmiyyətində bir qrup cəmiyyət üzvü ilə görüş kecirmişdi. Yazarlar görüşdən sonra şəkil çəkdirmək qərarına gələndə Mayakovski əlində bir araq şüşəsi tutaraq israrla deyir ki, “bu şüşə mütləq şəklimizdə görünməlidir”.

 

Hər zaman ağayana hərəkətləri ilə çoxlarına nümunə olan Hüseyn Cavid “qonağa” qonaq yerini (daha doğrusu tərbiyəsizliyini) bildirərək buna etraz edir. H.Cavidin inadkarlığı Mayakovskini araq şüşəsini kənara qoymağa vadar edir və bu şəkil çəkilir”. Bu hadisə haqqında Süleyman Rüstəm də Mayakovskinin yaradıcılığına həsr etdiyi “Böyük şairin xatirəsi” adlı məqaləsində bəhs edib.      

 

Əslində o tarixdə (ən azı bir həftə) təkcə “Ədəbiyyat və incəsənət” qəzeti yox, bütün mətbuatımız V.V.Mayakovskinin “dahi”liyindən, “ölməz poeziya”sından, “dünya poeziyasına bəxş etdiyi naliyyətlər”dən və s. və i. yazıb. Çox yaxşı. Bəs onda öz dahilərimiz niyə yaddan çıxırdı? V.V.Mayakovskiyə geninə-boluna yer verən mətbuatımız, cəmi iki gün sonra (22 iyul) milli mətbuatımızın yaranma tarixini unudub. Axı bu millətin tərəqqisi üçün canını belə fəda edən Həsən bəy Zərdabisi onlarla V.V. Mayakovskisindən çox ucada dayanmırmı?

 

Qərənfil Dünyamin qızı

Əməkdar jurnalist