MƏKTƏBİ ƏYLƏNCƏ MƏRKƏZİNƏ ÇEVİRİBLƏR - PSİXOLOQ

Tarix: 14:54 28.09.2023
“Bu gün orta məktəblərdə təhsil alan şagirdlərdən demək olar ki, 99%-nə valideyn repetitor tutur. Valideynlər övladlarına niyə repetitor tutur? Eyni zamanda tutduqları müəllim, niyə öz məktəblərinin işçisidir?”.
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, təhsil sistemi bu gün heç də yaxşı vəziyyətdə deyil:
“Təhsilin, hazırki vəziyyətinin nəticəsidir ki, biz günahı şagird, valideyn, müəllimlərdə axtarırıq. Amma bu fəsadların hər biri təhsil sisteminin düzgün qaydada tərtib edilməməsidir. Şagirdlərin məktəblərdə qeyri-etik hərəkətləri, müəllimlərin auditoriyanı ələ ala bilməməsi təhsil islahatının göstəricisidir. Əgər şagird bilsə ki, məktəbdəki təlimlə, müəllimin sinifdə keçdiyi dərslə, sual-cavablarla kifayətlənib, ali məktəbə qəbul ola biləcək, həmin şagird müəllimini də diqqətlə dinləyər. Amma şagird bilir ki, məktəbə öyrənməyə yox, davamiyyət göstəricisinə görə, oturmağa gəlib. Şagirdin keçilən dərsdən öyrənəcəyi bir şey yoxdursa, içəri telefon salmaq üçün üsullar axtarmağa başlayacaq".
Psixoloq deyir ki, orta məktəblərdə PUBG oynayan şagirdlərin belə şahidi oluruq:
"Çünki müəllim düşünür ki, dərsi hazırlıqda keçərəm. Buna görə də şagirdlər məktəbi əyləncə mərkəzinə, müəllimlər də istirahət zonasına çeviriblər. Məktəblərdə normal dərs keçilmir. Əgər keçilsə, nə repetirora ehtiyac yaranar, nə də gənclərdə valideyn qorxusu olmaz. Bəzən adama elə gəlir ki, iş təcrübəsi artdıqca, auditoriyanı cəlb etmək daha da asanlaşacaq. Əksinə, auditoriyanı özünə cəlb etmək müəllimin xarakterindən, peşə mədəniyyətindən asılıdır. Təhsil sisteminin nəticəsidir ki, uşaq dərsə əylənməyə gəlir. Oxumayan şagirdlərə müəllimlər nəyi izah etməyə çalışa bilər ki? Buna görə, müəllim də öz növbəsində dərs keçmir”.
HƏCƏR ƏMİRASLANLI

1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.