İNSANLARI DƏRMAN MÜALİCƏ ETMİR, HƏKİM MÜALİCƏ EDİR

Tarix: 15:45 28.09.2023
“Bu gün, dərman reklamları hallarına tez-tez rast gəlirik. Lakin dərmanın reklam edilməsi heç də düzgün hərəkət deyil”.
Bu sözləri İnformator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev deyib. Onun sözlərinə görə, dərmanların həkim məsləhəti olmadan istifadəsi, insanların öz həyatını lotereya oyununa çevirməsidir:
“Bu hal 99% ziyan verə bilər, nəinki fayda. Məsələn, insanlarda təzyiqin müşahidə edilməsi bəzilərində baş-beyin, bir sıra insanlarda isə ürək, qan-damar sistemi, yaxud, böyrək xəstəliyinin nəticəsidir. Bunların müalicəsi ayrı-ayrı davam etməlidir. Elə dərman var ki, ürəyin fəaliyyətini yaxşılaşdırır, amma mədə-bağırsaqda fəsadlar törətməyə başlayır. Dərmanların bir-biri ilə qarşılıqlı əlaqəsi var. Elə dərmanlar var ki, onları yanaşı qəbul etmək düzgün deyil. Bunların tək səbəbi savadsızlıqdır. Savad tək diplomla ölçülmür. Elə adam var ki, oxumayıb, diplomu yoxdur, amma çox yaxşı fayda verməyi də bacarır. Bu gün qalib ölkəmizdə səhiyyənin maarifləndirilməsi çox aşağı səviyyədədir. Səhiyyə mədəniyyəti bizdə inkişaf etməyib. Sadəcə ağrı ilə, həkim məsləhəti olmadan heç kim diaqnoz qoya bilməz. İnsanlar öz səhhətini dərk edə bilmir. Həkimlikdən başı çıxmayanlar, cəmiyyəti məhv edir. İnsanları dərman müalicə etmir, həkim müalicə edir”.
HƏCƏR ƏMİRASLANLI

1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.