Unudulmuş şəxsiyyətlər-Xudadat bəy Məlik-Aslanov

Bölmə: Araşdırma › ,
Tarix: 23:13 12.02.2024

Xudadat bəy Məlik-Aslanov 1879-cu ildə Şuşada anadan olub. O, Şuşa realnı məktəbini bitirdikdən sonra Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olur. İnstitutu fərqlənmə ilə bitirən Xudadat bəy bir müddət Peterburqda mühəndis kimi işləyir. Sonralar Tiflisə köçən Xudadat bəy burada Zaqafqaziya Dəmiryolu sistemində çalışır. Onun burada işlədiyi vaxtlarda 4 elmi məqaləsi dərc olunur.

 

Rusiyada 1917-ci ilin fevral inqilabından sonra Müvəqqəti Hökumətin sərəncamı ilə martın 9-dan Xudadat bəy Məlik-Aslanov Tiflisdə Xüsusi Zaqafqaziya Komitəsinin Zaqafqaziya Dəmir Yolu üzrə müvəkkili təyin olunur. O, həmçinin 1918-ci il aprelin 26-da yaranan Zaqafqaziya Federativ Respublikasında dəmir yol nəqliyyatı komissarı və naziri təyin edilir. Həmin vəzifələrdə çalışdığı dövrdə onun Qafqaz dəmir yolu nəqliyyatı tarixinə həsr olunan kitabı nəşr olunur. Xudadat bəy Zaqafqaziya Seymində "Müsəlman fraksiyası"nın, 1918-ci il mayın 27-də Tiflisdə Məhəmməd Əmin Rəsulzadənin sədriliyi ilə yaranan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olur.

 

O, yeni yaranan hökumətlərin rəyini gözləmədən Tranqafqazın müstəqilliyini elan edib sülh danışıqlarına başlamağın zəruri olduğunu irəli sürürdü. Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyinə nail olduqdan sonra Xudadat bəy yaranan Dəmir Yolu, Poçt və Teleqraf naziri olur. Bu nazirlik Fətəli xan Xoyskinin başçılığı altında birinci milli müvəqqəti hökumətin 9 nazirliyndən biri idi.  O, Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinetlərində yollar, poçt və teleqraf naziri, 3-cü və 4-cü və 5-ci kabinələrdə ancaq yollar naziri vəzifələrində çalışır. Xudadat bəy 1919-cu il fevralın 18-dək həm də müvəqqəti olaraq ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini də yerinə yetirir.

 

Xudadat bəy Məlik-Aslanovun təşəbbüsü ilə 1919-cu ildə Bakıda ana dilində dərs keçilən ilk dəmir yolu nəqliyyatı məktəbi açılır. O, həmçinin Azərbaycan Parlamentində 1919-cu ilin martında yaradılan əlifba islahatı üzrə xüsusi komissiyanın sədri seçilir. Onun rəhbərliyi altında latın qrafikalı əlifbaya keçilməsinə dair bir neçə qanun layihəsi hazırlanır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir, lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.

 

Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra Xudadat bəy mütəxəssis kimi fəaliyyətini SSR dövründə də davam etdirir. Xudadat bəy Məlik-Aslanovun 1921–1929-cu illərdə Moskvanın jurnallarında bir neçə elmi məqaləsi dərc olunur. O, həmçinin 1930-cu ildən Azərbaycan Neft İnstitutunun Nəqliyyat fakültəsinə rəhbərlik edir.
Xudadat bəy 1930-cu ilin əvvəlində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Dövlət Siyasi İdarəsi tərəfindən müxtəlif əsassız ittihamlarla həbs olunur. Onu sovet hakimiyyətini devirməyi qarşısına məqsəd qoyan "Azərbaycan Milli Mərkəzi" gizli millətçi təşkilatı ilə əlaqədə və ona üzv olmaqla günahlandırırdılar. Qardaşında mühacirətdə olması Xudadat bəyin işini çox çətinləşdirir. Bir müddət azadlığa buraxılsada onu 1934-cü ilin avqustunda yenidən əsassız ittihamlarla həbs edirlər. Sovet hökuməti bu dəfə Xudadat bəyi SSRİ-nin uzaq Sibirdəki xüsusi cəza müəssisələrindən birinə göndərir. Burada çox çətin şəraitdə yaşayan Xudadat bəy 1935-ci ildə Sibirdə həbs düşərgələrindən birində vəfat edir. O, vəfat edərkən cəmi 56 yaşında idi.

 

Xudadat bəy Azərbaycanın yol nəqliyyatı və texniki elmlər sahəsində ilk professorlardandır. Azərbaycan xalqı bu böyük şəxsiyyəti heç vaxt unutmamalıdır.

 

Yusif Mamedov