“Vision Pro” innovativ gələcək vəd edirmi?

Bölmə: Araşdırma › ,
Tarix: 11:25 19.02.2024

Ötən günlərdə  “Apple” şirkəti  istifadəçilərə  yenilikçi texnologiyalar vəd edən “Vision Pro” modelini satışa buraxıb. Cihaz gətirdiyi innovasiyalarla birgə qiyməti ilə də diqqətləri öz üzərində toplamağı bacarıb.  Bəs “Vision Pro” gözləntiləri qarşılayıb gələcəyin texnologiyası ola biləcəkmi? 

Yaxın onillikdə bu kimi cihazlar insan həyatında nə kimi önəm daşıyacaq?

Mövzu ilə əlaqədar  jurnalist və texnobloger Fərid Pərdəşünas  “informator.az”a açıqlamasında qeyd edib:

 

“ ‘Apple Vision Pro’ sırf ‘Virtual Reallıq’ (VR) , ‘Artırılmış Reallıq’ (AR) ,  tam dəqiq desək,  ‘Qarışıq Reallıq’ (MR) cihazıdır. Amma ‘Apple’ şirkəti bunu nə ‘VR’ ,  nə ‘AR’ kimi təqdim edib. Buna xüsusi ad verib – ‘Special Computing' (Xüsusi Hesablama). Ümumiyyətlə,  ‘Apple’ belə adlandırmalardan istifadə etməyi sevir. Yəni gözümüzdə gəzdirdiyimiz bir kompüterdir – yəni daxilində bir əməliyyat sistemi, çiplər, sensorlar, kameralar var”.

 

Fərid Pərdəşünas  cihazın gündəlik kompüter və telefonda gördüyümüz işi sadəcə göz hərəkətlərimizlə idarəetməni ələ almaqla, “Virtual Reallıq”da idarə edə bilmənin mümkünlüyünü  vurğulayıb.

 

“Cihaz elə şəkildə hazırlanıb ki, həm ‘VR’a keçid etmək olur,  həm də ‘AR’ texnologiyasıyla ətrafı görə bilirsən. Ətrafda müəyyən menyuları açmaq olur, ekranlar yaratmaq olur, o ekranlarda bildiyimiz kompüter və telefonlarda olduğu kimi əməliyyatlar aparmaq olur. Əslində şirkət strateji baxımdan həmişə görmüşük ki, bir müddət gözləyir və zamanı gəldikdə öz məhsulunu bazara buraxır. Bu məhsulu bazara buraxıbsa, onda potensial görür. 

 

Həmçinin texnobloger cihazın bahalığına və ölkəmizdə  satışı olub-olmayacağına da açıqlamasında yer verib.


“Hal hazırda qiyməti çox bahadır, vergisiz 3500 dollar, vergilər daxil olduqda isə 4000 dollara başa gəlir. Azərbaycanda isə  cihazın  qiyməti 8000-10.000 manat aralığında dəyişiklik göstərir. Ölkəmizdə bu cihazın rəsmi satışı olmadığından 'qara bazar'da satılır. Bu texnologiyanın gələcəyi baxımından danışsaq, əslində kifayət qədər gələcək vəd edir. Doğrudur, cihaz ağırdır və yorur. İki saatdan çox istifadə etmək olmur. Enerji az saxlayır, bu səbəbdən üstünüzdə batereya gəzdirməlisiniz. Amma ilk ‘Iphone’lar da təqdim olunanda (29 iyun 2007) nə qədər innovativ görünsələr də insanlar düyməli telefonlardan sensor ekranlara keçidə heç cür alışa bilmirdilər. Zamanla bu tendensiya dəyişdi və illər keçdikcə ‘Iphone'ların necə inkişaf etdiyini gördük. Artıq həyatımızın ayrılmaz bir parçasına çevriliblər”.

 

Fərid Pərdəşünas düşünür ki,  “Vision Pro”nun gələcək nəsilləri daha da yaxşı, təkmil  olacaq, yüngülləşəcək və  onlarda daha yaxşı texnologiya mövcud olacaq. Zamanla bu texnologiya həyatımızın ayrılmaz bir parçasına çevriləcək.


Əli Məmmədli