Sosial medianın həyatımıza müsbət və mənfi təsiri

Bölmə: MEDİA › ,
Tarix: 13:54 03.04.2024

Sosial mediada günümüzün ayrılmaz tərkib hissəsinə çevrilib. Hətta bəziləri həyatını Sosial mediasız təsəvvür edə bilmir. Bəs Sosial medianın həyatımıza bu cür təsir etməsinin nə kimi müsbət və ya mənfilikləri ola bilər bu haqda Yeni media üzrə tədqiqatçı Səbinə İzzətli danışacaq:

 

"Yeni medianın ən populyar qolu olan sosial media günümüzün ayrılmaz hissəsinə çevrilib. Sosial mediadan öncə, yalnızca bizə verilən informasiya mövcud idi, yəni tək tərəfli kommunikasiya var idi. İndi isə informasiyadan qarşılıqlı istifadə etdiyimiz, birgə istehsal və istehlak etdiyimiz bir dövrdəyik. Sosial media səssizlərin səsinə çevrilib, ənənəvi mediada paylaşa bulmədikərimizi bu vasitələrlə paylaşa bilirik. Bunlar müsbət imkanlardır. Ancaq risklər də mövcuddur. İnsanlar diqqətlərini sosial mediaya yönəltdikcə sadəcə bir media məcrasından digərinə getmirlər, onların diqqətləri tamamilə dağılır. Sonsuz seçim, sonsuz bölünməyə bərabərdir".

 

Psixoloqlar sosial medianın mənfi təsirlərindən danışarkən kimlik haçalanması, saxta kimliklərin yaradılması, şəxsi həyata müdaxilə, kiber bullinq kimi məsələlələrə toxunurlar. Bəli, sosial mediadan həddindən çox informasiya alsaq da, “informasiya cəhaləti”ndə yaşayırıq. Yəni hər şey eşidirik, oxuyuruq, lakin onu yadda saxlaya bilmirik. Qısa-qısa, amma həddindən çox bilgi almaq, başqa sözlə, gözdən keçirmək beynimizi yorur. Gərəksiz paylaşımlar insanları yorur, zərərli paylaşımlar isə insan psixologiyasında çox ciddi travmalar buraxır. 

 

Amerikalı sosioloq Şerri Törkl (Sherry Turkle) hesab edir ki, insanlar hazırda bir-biri ilə yeni texnologiyalar vasitəsilə əlaqədə olan bir dünyada yaşayır. Sosial media hamıya daha çatımlı olduqca insanlar daha çox insanla ünsiyyət qurmağa başlayır. Virtual ünsiyyətlə məhdudlaşan insanlar əslində yalnızdırlar və şəxsi həyatla bağlı problem yaşayırlar. Ş.Törkl insanların üzbəüz görüşlərini və sosial tələblərini azaltdıqlarını deyir və qeyd edir ki, insanlar bir-birindən deyil, texnologiyadan daha çox şey istəyirlər. Onun sözlərinə görə, insanlar daha əsl dostluq və münasibətlər deyil, özlərinə tərəfdaş, sirdaş və əməkdaş axtarırlar. Bu qayğılar səbəbsiz deyil, günümüzdə müşahidə edirik.

 

Aytac Baxşiyeva