Yeni xəstəlik: Öpücük xəstəliyi nədir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:49 02.05.2024

Son vaxtlar ölkəmizdə uşaqlar arasında yeni xəstəlik yayılıb. Bu xəstəlik "Epstein barr" sadə dillə desək, öpücük xəstəliyidir. Xəstəliyin əlamətləri və müalicə üsulları haqqında pediatr Aytən Ziyadova "informator.az"a açıqlama verib.

 

Pediatr qeyd edib ki, xəstəlik yuxarı tənəffüs yollarının viral infeksiyasıdır və müxtəlif viruslardan insan orqanizminə yoluxur:

 

"İnfeksion Mononükleoz adlanan öpüş xəstəliyi öpüşmə zamanı tüpürcək vasitəsilə ötürülən Epstein-Barr adlı herpes virusunun yaratdığı yuxarı tənəffüs yollarının viral infeksiyadır.Epstein-Barr virusundan başqa digər viruslar da xəstəliyə səbəb ola bilər: adenovirus, sitomeqalovirus (CMV), Hepatit A , Hepatit B və Hepatit C, Herpes simplex virusu(HSV), məxmərək.

Öpüşmə ilə birlikdə eyni yerdən yemək yemək və ya eyni stəkandan içmək də öpüş xəstəliyinə səbəb ola bilər".

 

Aytən Ziyadova bu xəstəliyin simptomlarını və müalicə üsulları barədə danışıb:

 

"Öpüşmə xəstəliyinin ümumi simptomları 39-40 dərəcəyə çatan və 10-14 gün davam edən yüksək hərarət, boğaz ağrısı, limfa düyünlərinin şişməsi, udma çətinliyi ,dəridə səpgilər, baş ağrısı badamcıqların şişməsi və onların üzərində ağ irin əmələ gəlməsidir. Bunlarla yanaşı qarında toxluq hissi, halsızlıq və iştahsızlıq da müşahidə oluna bilər. Tərkibində ampisilin olan antibiotiklərin istifadəsindən sonra yaranan səpgi də bu xəstəliyi göstərə bilər.

 

Öpüşmə xəstəliyi daha çox 15-30 yaş arası gənclərdə müşahidə edilir. Uşaqlarda tənəffüs yolu infeksiyası kimi keçdiyi halda, böyüklərdə uzun müddət davam edən yüksək hərarət, boğaz ağrısı, ümumi nasazlıq, əzələ oynaqlarında ağrı və baş ağrısı kimi ağır klinik mənzərə şəklində irəliləyir.

 

Davamlı hərarət, limfa düyünlərində, dalaq və qaraciyərdə böyümə əlamətləri, limfoma şübhəsi ilə xəstələr zaman-zaman hematologiya şöbəsinə və ya qulaq, burun-boğaz kimi təcili yardım şöbələrinə bir dəfədən çox müraciət edə bilərlər.Öpüşmə xəstəliyinin müalicə variantlarına istirahət, maye qəbulu , ağrı və simptomları aradan qaldırmaq üçün reseptsiz ağrıkəsicilər və ya qızdırmasalıcı dərmanlar daxildir".

 

 

Zeynəb Mustafazadə