"Bu, ölkə iqtisadiyyatına mənfi təsir göstərməyəcək"-Ekspert RƏYİ
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:24 29.05.2024
Biləsuvarda taxıl əkini aparılan ərazilərdə 5 min hektara yaxın taxıl azalıb.
Bəs, Biləsuvarda taxıl əkininin azalma səbəbi nədir ?
Ölkə iqtisadiyyatına necə təsir göstərəcək ?
Mövzu ilə bağlı iqtisadi ekspert Akif Nəsirli "informator.az"a açıqlamasında bildirib ki, rayonlarımızı araşdırsaq bir çox rayonlarda müəyyən illərdə taxıl azalıb, müəyyən illərdə taxılın sahəsi genişlənib:
"Biləsuvar kimi rayonda bir ildə beş min hektar taxıl sahəsinin azalması normal haldır, çünki hər il eyni sahədə eyni bitki əkmək mümkün deyil. İki-üç il eyni sahədə əkmək olar. Növbəti il həmin sahədə başqa bitki - dənli olmayan bitki əkmək lazımdır. Ən yaxşı bitki taxıldan sonra yoncadır. Çünki torpağın tərkibində azotun miqdarını yüksəldir".
Ekspertin sözlərinə görə, bir rayonda beş min hektar taxılın azalması, ölkə iqtisadiyyatına o qədər də mənfi təsir göstərməyəcək:
"Azərbaycanın daxilində taxıl istehsalının azalması faciə deyil. İldə 1,2 və 1,3 milyon ton ərzaq buğdası idxal eləyirik. İddia eləyirlər ki, 1,2 və 1,3 milyon taxıl bizim tələbatın yarısıdır. 1,2 milyon ton taxıl ölkə əhalisinin ərzaq buğdasına olan tələbatının 70 faizindən çoxudur. Azərbaycanda bütün yük ərzaq buğdasında idxala verilib. Dünyada taxılın məhsuldarlığı minimumum 50 sentnerdir. Yəni 5 tondur. Biz məhsuldarlığı 50 sentnerə çatdırsaq, Azərbaycanın taxıl idxalına heç bir ehtiyacı qalmaz".
Nigar Səmədli