İƏT Biznes Forumunda regional inteqrasiyaya çağırış

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:49 03.07.2025

İyulun əvvəlində Şuşada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumu çərçivəsində Əfqanıstan nümayəndə heyətinin irəli sürdüyü təkliflər iqtisadi dairələrin diqqətini cəlb edib. Forumda çıxış edən nümayəndələr Əfqanıstanın regional inteqrasiyada daha fəal iştirak etmək istədiyini və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsinə maraqlı olduğunu bildiriblər.

 

Məsələ ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov “İnformator.az” saytına açıqlamasında bildirib ki, Əfqanıstan siyasi, hərbi və ictimai sabitlik baxımından hələ də müəyyən problemlərlə üz-üzədir:

 

“Əfqanıstan hələ də regionda stabillik baxımından zəif mövqedədir. Lakin bu, o demək deyil ki, ölkə iqtisadi inteqrasiyadan kənarda qalmalıdır. Əfqanıstanın da, digər ölkələr kimi, inkişaf etmək hüququ var. Bunun üçün isə digər dövlətlər birgə əməkdaşlığa hazır olmalıdırlar. Əfqanıstanın tranzit potensialı yüksəkdir və bu, region üçün mühüm iqtisadi fürsətlər yarada bilər. Lakin bu potensialdan tam istifadə olunması üçün öncə daxili sabitliyin təmin edilməsi vacibdir. Əgər qarşılıqlı istək varsa və təşəbbüs birbaşa Əfqanıstan tərəfindən irəli sürülürsə, bu zaman gömrük, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı mümkündür. Bu isə həm regiona, həm də İƏT-ə üzv ölkələrə ciddi iqtisadi səmərə gətirə bilər. Əfqanıstan zəngin təbii ehtiyatlara və əhəmiyyətli coğrafi mövqeyə malikdir. Bu baxımdan onun İƏT çərçivəsində fəallaşması, təbii ki, arzuolunandır. Amma əməkdaşlığın mümkün olması üçün əvvəlcə ölkədə təhlükəsiz və sabit şərait yaradılmalıdır. İƏT Biznes Forumu region dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə mütəmadi olaraq keçirilən beynəlxalq platformalardan biridir. Əfqanıstanın bu forumda fəal iştirakı və irəli sürdüyü təkliflər yaxın dövrdə yeni təşəbbüslərə zəmin yarada bilər".

 

Ayan Əsgərova