Polşa və Türkiyə səfirləri Nəsiman Yaqublunun araşdırmaları haqqında
Bölmə: Araşdırma › ,Tarix: 12:25 26.06.2024
Azərbaycanın tanınmış tarixçi alimi, tarix elmləri doktoru,professor Nəsiman Yaqublu Azərbaycan Cümhuriyyəti dövrü və M.Ə.Rəsulzadə irsi ilə yanaşı Azərbaycan-Polşa əlaqələri, Qafqaz İslam Ordusu, Nuru Paşa, Azərbaycan-Türkiyə əlaqələri ilə də bağlı maraqlı tədqiqatlar aparıb. Onun bu araşdırmaları ayrıca kitablar olaraq da çap edilib. N.Yaqublunun bu araşdırmalarına müxtəlif zamanlarda Azərbaycanda çalışmış Polşa və Türkiyə səfirləri, həmin səfirliklərin səlahiyyətli təmsilçiləri böyük önəm veriblər. Həmin yazılardan bəzilərini oxuculara təqdim edirik.
“Tarıx elmlər namizədi (hazırda elmlər doktoru – red.) Nəsiman Yaqublu öz kitabında XX əsrin birinci yarısında Polşa – Azərbaycan əlaqələrinə toxunur, ADR dövrünə və Rəsulzadəni əhatə edən azərbaycanlı mühacirlərin fəaliyyətinə əsas yer ayırır. Kitab Azərbaycan oxucusunu o vaxt baş vermiş hadisələrlə yaxından tanış edir və bu günə qədər az məlum olan mövzular haqda biliklərini zənginləşdirir.
Ümid edirəm ki, gələcəkdə bu kitab polyak dilinə də tərcümə olunacaqdır. Kitab eyni zamanda Polşa – Azərbaycan əlaqələrinin keçmişdə çox sıx olduğundan bəhs edir.
N.Yaqublu bu kitabı Polşa arxivlərində olan mənbələrə əsaslanaraq yazıb”.
Kşiştov Krayevski
Polşa Respublikasının Azərbaycanda Fövqəladə və səlahiyyətli səfiri.
Bakı, 2007.
“1991-ci ildə Azərbaycan yenidən bağımsızlığına qovuşduqdan sonra Milli İstiqlal Mübarizəsinin mühüm hadisələri tarixi gerçəkliyə uyğun olaraq dəyərləndirilməyə başlanıldı. Bu hadisələrdən biri də, şübhəsiz ki, Azərbaycan və Türkiyə xalqlarının birliyinin təcəssümü olan 15 Sentyabr Zəfəridir.
Bakının azad olunmasının 90-cı ildönümündə ünlü tədqiqatçı, tarix elmləri namizədi (hazırda doktor – red.) Nəsiman Yaqublunun illərcə Azərbaycan və Türkiyə arxivlərində apardığı araşdırmaların sonuncu olaraq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin dəstəyi ilə basılan “Bakını Qurtuluşu” kitabı bu tarixi olayın hafizələrdə abidələşməsinə dəyərli töhfədir”.
Melda Araz
Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Kültür və Tanıtma müşaviri.
Bakı, 2008.
“Polyak mütəxəssislərin Azərbaycanın inkişafında xidmətləri və bizim dost xalqları arasında sürətlə inkişaf edən əlaqələri ikitərəfli əməkdaşlığın gələcəkdə də həmin şəkildə inkişaf etməsinə zəmanət verir.
Bu kataloqda olan arxiv materiallarının hazırlanması üçün, mən Bakı Dövlət Universitetinin dosenti, cənab Nəsiman Yaqubluya öz minnətdarlığımı bildirirəm”.
Kşiştof Krayevski
Polşa Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri.
“Polşa və Azərbaycan xalqlarının müstəqillik uğrunda çəkdiyi iztirablar uzun illər davam edərək 1990-cı illərin əvvəllərində uğurla sona çatır. Azərbaycan müstəillik qazandıqdan sonra 1991-ci ildə Varşava və Bakı arasında siyasi və iqtisadi münasibətlər, eləcə də təhsil, mədəniyyət və tarix sahəsində əlaqələr fəal inkişaf etməyə başlayır. Bu proses bu gün də davam edir. Polşa – Azərbaycan əlaqələri isə intensiv inkişaf edir.
Bütün bu faktlar təsdiq edir ki, iki xalq və ölkə arasında tarixi təməllərə əsaslanan və uğurlu inkişafa hədəflənmiş qarşılıqlı dostluq münasibətləri mövcuddur.
Bu kitabın dərc edilməsi polyaklar və azərbaycanlılar arasında tarixən formalaşmış dostluq münasibətlərinin tədqiqi üçün ciddi mənbədir. Professor N.Yaqublunun araşdırmasının oxucuları xalqlarımızın qarşılıqlı əlaqələrinin yeni-yeni səhifələrini açmağa stimullaşdıracağına ümid edirik”.
Rafal Poborski
Polşa Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli səfiri.
Bakı, 2021-ci il.