45-Aydan Qasımova yazır...
Bölmə: Araşdırma › ,Tarix: 19:52 09.07.2024
İnsanlar adətən yaralandığımızda zamanla hər şeyin düzələcəyini, "Sadəcə yara izləri qalacaq, görəcəksən", -deyirlər.
Sonra yara izlərindən necə qorunmalı olduğumuza dair mülahizələr dinləyirik. Lakin belə bir reallıq var ki, insanın bir şeyi dinləməsi yetmir, onu anlamaq, mənimsəmək lazımdır. Necə ki, ingilis dilini öyrənməyə başlayanda bu dili mənimsəməmiz gərəkdiyinin önəmi vurğulanır. Bəs onda niyə mənimsəməyə çalışdıqlarımız quyumuzu qazır?
Məncə, biz işləri çox çətinləşdiririk və bu tamamilə bizim yanlışımız deyil. Müxtəlif səbəblərdən vaxtımızın həddindən artıq az olduğunu düşünürük, çünki tələsməyə alışmışıq. Məktəb dönəmində 45 dəqiqəyə sıxışdırılan misal və məsələlər, qiymət almaq üçün şagirdlərin savaşı, "Tez bitir, mənə vaxt çatmayacaq", -deyən insanlar. Mən səhvi o insanlarda görmürəm, problem vaxt qıtlığıdır, daha doğrusu, vaxt az olduğu üçün tələsməmiz gərəkdiyini bizə öyrədənlər.
Zaman-zaman önəmsədiyimiz mövhumlar dəyişir. Uşaqlıqdan bəri qayğıya ehtiyac duyuruq, o qayğını görmədikcə daha çox qayğıya ac qalırıq. Sonra həmin qayğı üçün vaxt tapmağa çalışırıq. Əminəm ki, məktəb dönəmində sırf ailəsi tərifləsin, onu əzizləsin deyə qiymətləndirilməyə ehtiyac duyan insanlar olub. Lakin məktəbdə də vaxt çatmayınca insanın hiss etdiyi qəzəb və qayğı aclığı zamanla özünü biruzə verir. Həyatdakı məqsəd heç nə olmur, sadəcə "Nə etsəm, məni sevərlər", -deyə düşünür bu cür insanlar. Nə də olsa yaşadığımız, olduğumuz yerlərdə gözlədiyimiz sıralar, "Tez ol da", - deyən insanlar bizə xatırladır ki, bu dünya ətrafımızda fırlanmır və bizim üçün vaxt azdır. Bəlkə də, buna görə ad günlərindəki şamlar və yaş artdıqca dilək tutmaq da, yaş almaq da anlamsızlaşır.
Biz qayğı üçün şans axtarmamalıyıq, çünki qayğı bizim axtarmamız gərəkən bir şey deyil, o olmalıdır. Əgər olmursa, bu bizim bacarıqsız, yaxud gərəksiz biri olduğumuz anlamına gəlmir, bunu da qavramalıyıq.
Məsələn, oxfordstudent.com-da yayımlanan "Oksfordun imposter sindromu mifinin arxasında duran reallıq" ("The reality behind the myth of Oxford’s imposter syndrome") yazısında deyilir ki, Oksforddakı mühit mükəmməlliyə meylli olan uşaqları götürür və sanki hamısını akademik təzyiqli sobaya atır ("The environment at Oxford takes kids who are already prone to perfectionism and throws them all into an academic pressure cooker").
İnsanın yaşadıqları mühitdən mühitə dəyişir, lakin zaman problemi, yetərsizlik duyğusu çox zaman bənzər qalır.
Zamanınızı qayğı üçün ayırmayın, 45 dəqiqələrdən hər hansı birində həm vaxt tapacaqsınız, həm də heç tapmayacaqsınız. Bu səbəbdən başqalarının reaksiyalarını ölçmək üçün deyil, həyatınız üçün, onu bütün varlığınızla hiss etmək, yaşamaq üçün yaşayın. Yaşınızdan çox təcrübələriniz, mənimsədiyiniz mövzu sayı artsın.
"Oksfordun imposter sindromu mifinin arxasında duran reallıq" yazısının linki: https://www.oxfordstudent.com/2019/10/20/the-reality-behind-the-myth-of-oxfords-imposter-syndrome/