"Bu kimi hallar yaşandıqda uşaqların psixologiyası pozulur"-Psixoloq RƏYİ
Bölmə: Sosial › ,Tarix: 20:48 19.07.2024
Dövrümüzdə əksər alideynlər övladlarının ən gözəl uşaqlıq illərinə müdaxilə edirlər. Bir çox valideynlər az yaşlardan etibarən övladlarını repetitor yanına göndərərək təhsilin məsuliyyətli və mürəkkəb olan bu yolunda onlardan uğurlu nailiyyətlər tələb edirlər. Repetitor yanına gedən azyaşlı uşaqlar bunu bacarmadıqda isə valideynlərin qınaq obyektinə çevrilirlər.
Bəs azyaşlı uşaqları repetitor yanına qoymaq nə dərəcədə düzgündür ? Bu tələblər uşaqların psixologiyasına necə təsir edir?
Məsələ ilə bağlı psixoloq Fidan Namazova "informator.az"a açıqlama verib. O bildirib ki, bəzən öz naliyyətləri olmayan və ya az olan valideynlər uşaqların bacarıq və naliyyətlərini çoxaldaraq bu qüsuru kompensasiya etməyə çalışırlar:
"Bu, əsasən də, valideynlərin uşaqları gələcəkdə görmək istədiyi yerlərdən asılıdır. Lakin valideynlərin bu sevdası uşaqlarda bir çox psixoloji problemlərə və böyük travmalara səbəb olur. 5 yaşında olan uşaq dil öyrənməməlidir, xüsusi bacarıqlara nail olmamalıdr. Ümumiyyətlə, əlavə dil bilgilərini ciddi şəkildə əldə etmək üçün 5-ci sinifdən başlamaq tövsiyə olunur.
Valideynlər öz düşüncələrində, guya, uşaqlarını inkişaf etdirirlər, amma onlar bilmədən uşaqların ən gözəl illərinə müdaxilə edirlər. Heç bir valideyn unutmamalıdır ki, insanlar kiçik yaşlarından formalaşmağa başlayır.
Bir fikirləşin kiçik yaşlarında valideyn basqısı altında formalaşan uşaq necə inkişaf edə bilər ? Təbii ki, bu çox mürəkkəb prosesdir".
Psixoloq əlavə edib ki, uşaqları uşaq kimi böyütmək lazımdır:
"Onların üzərinə ağır məsuliyyətli işləri yükləmək olmaz. Bu kimi hallar yaşandıqda uşaqların psixologiyası pozulur, onlar hər zaman özlərini basqı altında hesab edir, insanlardan çəkinir və səhv etməkdən qorxurlar.
Bu hallar yenidən yaşandıqda çıxış yolunu intiharda görürlər".
Mayıl Soltanov