İmtahahanların elektronlaşdırılması nəzərdə tutulur

Tarix: 20:44 18.07.2025
Təhsil sahəsində rəqəmsallaşma prosesi mərhələli şəkildə davam edir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, artıq rezidentura, magistratura və Azərbaycan dili imtahanlarının da elektronlaşdırılması nəzərdə tutulur. Elektron imtahanlar şəffaflığın artırılması və insan amilinin minimuma endirilməsi baxımından da önəm daşıyır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Adil Vəliyev bildirib ki, imtahanların mərhələli şəkildə elektronlaşması təhsil sisteminə bir sıra üstünlükləri gətirəcəyini düşünürəm:
"Çünki burada əsas məsələlərdən biri şəffaflıq və obyektivlikdir. İmtahanın nəticələrinin proqramlar vasitəsilə qiymətləndirilməsi, demək olar ki, insan faktorunu da azaldır. Bu da qeyri-obyektiv qərarların qarşısını alır və bundan əlavə olaraq biz vaxt və resurslara qənaət etmiş oluruq.
Belə ki, kağız daşıyıcılardan istifadə minimuma endiriləcək və nəticələrin daha tez, sürətli şəkildə yoxlanılması imtahan verənlər üçün ən vacib məsələlərdən biridir. Burada ən əsas məsələlərdən biri də təhlükəsizlikdir, əgər sistem yaxşı qurularsa, saxtakarlığın və yaxud da hər hansı bir kənar müdaxilənin qarşısını almış olur. Məlumatların da mərkəzləşdirilmiş bir sistemdə olması, elektron nəticələrin asanlıqla arxivləşdirilməsinə və təhlil olunmasına gətirib çıxara bilər ki, bu da nəticədə statistik təhlil və təkmilləşdirmə üçün ən mühüm qərarlardan biridir.
Nəticə olaraq belə demək olar ki, elektron imtahanların mərhələli şəkildə tətbiqi həm təhsil sistemində effektivliyi artıracaq, həm də namizədlərə vaxt və resurs baxımından bir sıra üstünlüklər təqdim edəcək. Lakin bu keçid mərhələsində bəzi problemlər çıxa bilər ki, bu problemlərin çıxmaması üçün də imkanların və texniki infrastrukturun gücləndirilməsinə, namizədlərin texnoloji hazırlığının artırılmasına dəstək olmaq lazımdır. Bu istiqamətlərdə müəyyən maarifləndirmə işləri də aparılmalıdır".
Nigar Həsənzadə

İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.