"Futbolda texnologiya üçün çox tezdir" -Ağa Dadaşzadə

Bölmə: İdman › ,
Tarix: 16:31 26.07.2024

"Texnologiya dövrümüzün bir növ tələbatıdır. Futbol da texnoloji inkişafdan yan keçmir və bunun ən böyük mənfi təsiri fiziki nəticəyə olur. Bu da əsasən göz olmaqla hər bir fiziki inkişafımıza təsir edir".

 

Bu sözləri "informator.az"a açıqlamasında futbol eksperti Ağa Dadaşzadə deyib. O bildirib ki, futbolda texnologiyanın inkişafı üçün hələ çox tezdir:

 

"Bütün sahələrdə olduğu kimi idman da texnologiya ilə uyğunlaşmağa çalışır, texnologiya yolu gedir. Məsələn, VAR'ın gəlişi qənaətbəxş deyil. VAR olanda biz 90% şəffaflıq görməli idik. Təəsüf ki, biz şəffaflıq prinsipini 80%-dən yuxarı qaldıra bilmərik. Texnologiya bizi çox yorur, passivləşdirir. Məsələn, avtomobillər, 70-ci ildə mexanika indi isə avtomatdır. Nəinki avtomat, indiki maşınlar sensorlarla idarə olunur. O cümlədən futbol da belə bir vəziyyətdədir. Hakimlər belə texnologiyaya bel bağlayır. Sadəcə olaraq VAR xüsusi epizodlara maraq qatır. Düzdür müsbət cəhətləri də var, amma VAR oyunun keyfiyyətini və vaxtı azaldır. Mühüm oyunlarda yeni texnologiyaların yaratdığı problemlərin sayı hesabı yoxdur. Buna biraz vaxt lazımdır, alimlər biraz daha araşdırmalıdır, çünkü futbol bilirsiniz, həm biznesdir, həm hamının sevdiyi oyundur, idmanın şahıdır. İnzibati cəhətdən baxdıqda isə texnologiya möhtəşəmdir. Məsələn, Futbolçuların bazası cəhətdən əladır, Azərbaycan peşəkar futbol liqasında da möhtəşəm bazalar var".

 

Ekspert texnologiyanın oyun analizlərinə və idarəçiliyə təsiri haqqında fikirlərini bölüşüb:

 

"Texnologiyaların analizlərini peşəkarlar aparır. Orada mütəxəssis olmaq üçün olduqca mühüm sertifikatlaşdırmadan keçmək lazımdır. Biz futbola 6-7 aspektdən yanaşa bilərik. Oyunun analizini statistiklər aparır. Statistiklər beyni daha çox inkişaf etmiş insanlardır ki, hər dövrdə öz işlərini görürlər. Sırf statistika cəhətdən texnologiyanın inkişafı futbola böyük maraq qatır. Əvvəllər ayaqqabının altına mikroçip qoyulurdu ki, oyunçu nə qədər qaçıb öyrənilə bilsin. Günümüzdə buna ehtiyac yoxdur, xüsusi texnologiyalar artıq onu daha rahat ölçə bilir. İdarəçiliyə gələndə isə orada hər şey qaydasındadır. Texnologiya birbaşa idarəçilərə müsbət təsir göstərir. Bəzən deyə bilmədiyi məqamlar olur, lakin ümumi götürəndə yaxşıdır. Oyun məsələsinə gəldikdə isə hələ tezdir. Biz 100% ideallıqdan hələki danışa bilmərik".

 

Məhəmməd Qasımov