"Ermənistan sağa-sola çırpınıb vaxt itirməkdənsə..."-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 17:00 01.08.2024
"Azərbaycanla Ermənistan arasında görüşlər davam edir. Münasibətlərin normallaşacağı təqdirdə Ankara da müəyyən ssenari hazırlayacaq. Yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənistanla sərhədi aça bilərik". Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Maraqlıdır, Ermənistanla Türkiyə arasında sərhədd açıla bilər? Bu, qarşılıqlı münasibətlərə necə təsir edəcək?
Bu barədə "İnformator.az"a politoloq Tural İrfan açıqlama verib. O qeyd edib ki, Ermənistan həm Azərbaycana, həm də Türkiyənin özünə qarşı müxtəlif iddialardan vaz keçdiyi və boynuna düşən öhdəliyi icra etdiyi təqdirdə münasibətlər tam düzələ, sərhədlər açıla bilər:
"Türkiyə Azərbaycana görə 30 ilə yaxın Ermənistan ilə sərhəddini bağlı saxlayan qardaş dövlətdir. Təbii ki, onun da öz maraqları var, lakin hər zaman Azərbaycanın maraqlarını da düşünüb. Biz də həmişə Türkiyəyə dəstək veririk. Bu qarşılıqlı olub və belə də davam edəcək. Ermənistan tərəfi konstitusiyasını dəyişib ərazi iddialarını çıxarmalı, qondarma soyqırımı iddialarından vaz keçməlidir. Zəngəzur dəhlizi və yerdə qalan bütün məsələlərin həllində boynuna düşən vəzifələri icra etməlidir. Bundan sonra sərhəd açılması və başqa əlaqələri reallaşdırmaq olar.
Ermənilərin bir sıra təxribatlara əl atması, İran, Fransa və Hindistanın böyük həcmdə Ermənistanı silahlandırması pozitiv gözləntiləri şübhə altına alır. Ermənistan hələ də müstəqil siyasət apara bilmir. Sadəcə boyunduruqları dəyişir. O, əvvəl Rusiyanın orbitində idi, indi də Fransanın. Əgər Ermənistan hakimiyyəti cəsarət tapıb sülh müqaviləsinə qədərki açıq olan həll edilməli məsələlərin həllinə səy göstərsə həm Türkiyə, həm də Azərbaycan tərəfi bunu qiymətləndirəcək. Ancaq Türkiyənin Ermənistanla sərhədlər, viza və digər əlaqələr haqda danışıqları həmişə Azərbaycanla əlaqələrin düzəlməsi şərti ilə baş tutub. Yəni, nə vaxtsa Ermənistan Azərbaycanın tələblərini yerinə yetirəcək, tam razılıq əldə olunacaq, o zaman Türkiyə ilə münasibətlərin düzəlməsinə baxıla bilər.
Ekspert bildirib ki, münasibətlərin normallaşdırılmasına maneə Ermənistanın silahlanması və təxribatlara əl atmaları, kənar təsirlərə məruz qalaraq qeyri - stabil siyasi ziqzaqlar etməsidir:
"Həm Türkiyə, həm də Azərbaycan ilə Ermənistanın münasibətləri o zaman tam qaydaya düşəcək ki, erməni tərəfi öhdəsinə düşən vəzifələri icra edəcək. Həmçinin silahlanmanı, təxribatları dayandıracaq. Belə olduğu halda Ermənistanın hər iki qonşu ölkə ilə münasibətləri qaydaya düşə, iqtisadi ortaq layihələrdən bəhrələnə bilər. Ancaq əksini seçsə təbii ki, itirən tərəf özü olacaq. Ola bilsin, ərazi də itirsin. Çünki başqa dövlətlərin ərazisinə təcavüzü dövlət konstitusiyasına salmaq, başqa dövlətin suveren ərazisini qeyri - qanuni olaraq özününkü hesab etmək həmin ölkələrə haqq verir ki, öz ərazilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə həm siyasi, həm də lazım gəlsə hərbi vasitələrə əl atsın. Odur ki, Azərbaycan da Zəngəzur, Göyçə, İrəvan və başqa qanuni ərazilərimizə tam haqqla iddia edə bilər. Bir sözlə Ermənistanın özünü yaxşı aparmaması hər halda özünün ziyanına gətirib çıxaracaq. Onlar 1990-cı illərin ab-havasından çıxa bilmirlər. Hər vəchlə revanş üçün fürsət güdürlər. Halbuki indi vəziyyət tam fərqlidir. Artıq Azərbaycan Birinci Qarabağ Müharibəsindəki Azərbaycan deyil. Gücü, qüdrəti, milli birliyi o zamankından qat-qat üstündür. Ona görə Ermənistan sağa - sola çırpınıb vaxt itirməkdənsə, öhdəliyini zamanında icra etməlidir".
Banuçiçək Kalbalıyeva