Almaniya Ukraynaya bir neçə "Patriot" batareyası verəcək

Tarix: 23:17 15.07.2025
Almaniya hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-dən yeni “Patriot” sistemləri alacaq və bununla paralel olaraq Ukraynaya bir neçə “Patriot” batareyası ötürəcək.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov "İnformator.az"a açıqlamasında bildirib ki, əsas məqamlardan biri ABŞ-nin NATO vasitəsilə Ukraynaya silah və sursat ötürməsi ilə bağlı qərarıdır:
"ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüşdə mühüm bəyanatlar səsləndirilib. Əsas məqamlardan biri ABŞ-nin NATO vasitəsilə Ukraynaya silah və sursat ötürməsi ilə bağlı qərarıdır. Bu, Trampın əvvəlki mövqeyi ilə müqayisədə ciddi dəyişikliyi göstərir.
Qeyd etmək lazımdır ki, Tramp hakimiyyətə yeni gəldiyi dövrdə və seçki kampaniyası zamanı Ukraynaya silah yardımı məsələsinə skeptik yanaşırdı. Lakin indi o bildirir ki, Avropa vasitəsilə Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri, orta və uzaq mənzilli raketlər daxil olmaqla müxtəlif silahlar göndəriləcək. Bu yardımın ilkin dəyəri təxminən 10 milyard dollar təşkil edir və bu vəsaiti Avropa qarşılayacaq. İddialara görə, ümumilikdə 17 ədəd “Patriot” sistemi təmin olunacaq. Bu sistemlər əsasən Almaniya kimi Avropa ölkələrindən Ukraynaya yönləndiriləcək. Bu həm silahların təchizatında sürəti artıracaq, həm də Ukraynanın hava hücumlarından müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək. Qeyd edək ki, Almaniya Ukraynaya dəstək məsələsində Avropada lider ölkələrdən biridir. Hətta Almaniyanın aparıcı siyasi fiqurlarından olan Friedrich Merz bu məsələdə kansler Olaf Scholzdan daha sərt və qətiyyətli mövqe nümayiş etdirir.
Almaniyanın Ukraynaya “Taurus” raketlərinin verilməsini dəstəkləməsi onu göstərir ki, Berlin bu məsələdə ön sıradadır. Bu təəccüblü deyil, çünki Almaniyada belə bir fikir formalaşıb, əgər Ukrayna məğlub olsa, növbəti hədəf Avropa, hətta Almaniya ola bilər. Almaniya çox güman ki, Ukraynaya özündə olan hava hücumundan müdafiə sistemlərini göndərəcək, əvəzində isə ABŞ-dən aldığı yeni sistemlərlə ehtiyaclarını təmin edəcək. Həmçinin, Almaniya bu sistemləri birbaşa Ukraynaya yönləndirə bilər. Bu, ölkənin öz hava məkanının müdafiəsiz qalacağı anlamına gəlmir. Almaniya bir neçə il öncə Şimali Avropa ölkələri ilə birgə hava hücumundan müdafiə sistemi qurmaq təşəbbüsü irəli sürmüşdü. Bu təşəbbüs Almaniyanın müdafiə imkanlarını daha da artırır. Ukraynaya göndərilən sistemlər isə ilk növbədə mülki və hərbi infrastrukturu Rusiyanın raket və dron hücumlarından qorumağa xidmət edir.
Son günlərdə Rusiya Ukraynaya qarşı intensiv hava hücumları həyata keçirir 500-dən çox dron və 100-ə yaxın raket istifadə olunub. Bu səbəbdən Almaniyanın göndərdiyi sistemlər Ukraynanın hava müdafiəsində mühüm rol oynayır. Almaniya ilə Rusiya arasında münasibətlər artıq kəskin şəkildə pisləşib. ABŞ-dən sonra Ukraynaya ən böyük silah dəstəyi göstərən ikinci ölkə Almaniyadır. Yəni, Berlin bu mövqedən geri çəkilməyəcək".
Səmayə Səftərova