Kelloq Ukraynaya gəlib:-Nələr müzakirə olunacaq?

Bölmə: Siyasət › ,
Tarix: 22:38 15.07.2025

 

ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Kiyevə gəlib. Onun səfəri uzun çəkəcək.Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyədə keçirilən son görüşdə Rusiya və Ukrayna sülh sazişinin imzalanması ilə bağlı təkliflərini vermək qərarına gəldilər və bu təkliflər təqdim olundu:

 

"ABŞ-nin Prezidenti Trampın mövqeyi Rusiyanın təkliflərinə daha çox yaxındır. Tramp hesab edir ki, Ukrayna neytral olmalıdır, işğal olunmuş ərazilər Rusiyada qalmalıdır və digər məsələlərdə də Ukrayna güzəştli mövqe tutmalıdır. Kelloqun Ukraynaya səfəri Zelenskinin sülhlə bağlı mövqeyini dəyişdirmək məqsədi daşıyır. Çünki Trampın razılaşdığı sülh şərtlərinin heç birini Ukrayna Prezidenti qəbul etmir. Kelloq Ukraynanı reallıqlara yaxınlaşdırmaq məqsədi ilə gəlib. Əgər təklif olunan məqbul sülh razılaşması qəbul edilməsə, bu Putinin xeyrinə olacaq, çünki onun məqsədi mümkün qədər çox ərazi işğal etməkdir. Trampın məsələ ilə bağlı bəyanatı gözlənilir və mümkündür ki, burada Ukrayna ilə bağlı yardımların artırılması, Rusiyaya sanksiyaların tətbiq olunması və digər məsələlər öz əksini tapsın. Həmçinin ola bilər ki, Tramp Rusiyaya son xəbərdarlığını etsin və Putini konstruktiv mövqe tutmağa çağırsın və ilk növbədə hərbi əməliyyatları dayandırmağı tələb etsin".

 

Politoloq həmçinin əlavə edib ki, Kiyevdə müzakirə olunacaq əsas məsələ müəyyən güzəştlərə getmək və reallıqları qəbul etmək olacaq:

 

"Ukraynanın NATO-ya üzvlüyü barədə danışmaq isə əhəmiyyətsizdir. Ukrayna bundan imtina etməlidir və işğal olunmuş ərazilərin Rusiyanın olduğunu de-fakto qəbul etməlidir. Digər məsələlərdə isə müzakirəyə hazır olduğunu göstərməlidir. Ukraynanın mövqeyi ABŞ-nin mövqeyindən kəskin şəkildə fərqlənir və bu da təbii ki, Ukrayna üçün ciddi problemlər yarada bilər. Kelloqla Ukrayna Prezidenti arasında müzakirələrin yaxınlaşdırılmasına yönələn danışıqlar həyata keçiriləcək. Bu səfər və Trampın bəyanatı Rusiya-Ukrayna müharibəsində kəskin dəyişikliklərin başlanğıcı ola bilər. Bunun üçün ilk növbədə Ukrayna öz mövqeyini ABŞ-nin mövqeyinə yaxınlaşdırmalıdır. ABŞ ilə Ukrayna arasında mövcud olan fikir ayrılığı Ukraynanın daha böyük ərazilər itirməsinə səbəb ola bilər. Zelenski özünün taleyi barədə deyil, Ukraynanın taleyi barədə düşünməlidir və Ukraynanın mənafeyini əsas götürüb zəruri addımlar atmalıdır".

 

Fatimə Heydərova