Umerov və Kelloq silah istehsalının lokallaşdırılmasını müzakirə ediblər

Bölmə: Siyasət › ,
Tarix: 23:20 15.07.2025

 

 

Ukraynanın müdafiə naziri Rüstəm Umerov və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Ukraynada və Avropada silah istehsalının lokallaşdırılması ilə bağlı birgə layihələrin inkişafını müzakirə ediblər.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, böyük ehtimalla, ABŞ Ukraynada mərmi istehsalı ilə bağlı konkret addımlar atacaq:

 

"Əlbəttə ki, Tramp tərəfindən Kit Kelloqun Ukraynaya bir həftəlik göndərilməsi önəmli bir hadisədir. Bildiyiniz kimi, cənab Kit Kelloq hərbçidir və indiyə kimi Ukraynanın torpaqlarının Rusiyaya güzəştə gedilməsi ilə bağlı bir dəfə də olsun bəyanat verməyib.


Nəzərə almaq lazımdır ki, bundan öncə Ukrayna–Rusiya danışıqlarında Trampın nümayəndəsi Stiv Vitkov idi. Vitkovun arxa plana çəkilməsi və hazırda general Kit Kelloqun Ukraynaya göndərilməsi olduqca əhəmiyyətlidir. Böyük ehtimalla, ABŞ Ukraynada mərmi istehsalı ilə bağlı konkret addımlar atacaq. Bundan əlavə, nəzərə alsaq ki, Tramp Rusiya tərəfinə 50 günlük bir vaxt verib və həmin müddət başa çatdıqdan sonra Ukrayna və Rusiya ordularının hansı xətt üzrə dayandığını özü müəyyən edəcək, danışıqlar da məhz o nöqtədən başlayacaq.


Qeyd etmək lazımdır ki, Ukraynaya ilk hərbi yardımı edən dövlət Türkiyə olub. Həmçinin, Ukraynada ilk hərbi-texniki istehsala da məhz Ukrayna və Türkiyə birgə olaraq başlayıblar. Bütün bu hadisələr, əslində, Avropa İttifaqı və NATO-ya üzv olan dövlətlərin Trampa göstərdiyi təzyiqlərin nəticəsidir. Almaniya, Fransa, Polşa, Baltikyanı ölkələr və digər Avropa dövlətləri hesab edirlər ki, artıq müharibə onların qapısına qədər gəlib çatıb. Bu baxımdan, yay aylarında, xüsusilə də bu yarım il ərzində Rus ordusunun irəliləməsinə imkan verilməməsi əsas prioritetə çevrilib. Bu səbəbdən də böyük ehtimalla Kit Kelloqun Ukrayna səfəri zamanı mərmi istehsalı və digər hərbi texnikanın yerli istehsalı ilə bağlı konkret razılaşmalara gəlinəcək. Bu səfər nəticəsində ABŞ və Ukrayna arasında hərbi-texniki əməkdaşlıq istiqamətində mühüm addımların atılması gözlənilir".

 

Səmayə Səftərova