"İngiltərə nəhənginin böyük transferlər etməyinə ehtiyac duyulmur" -Aslan Kərimov

Bölmə: İdman › ,
Tarix: 15:12 07.08.2024

"Düşünürəm ki, Çempionlar Liqasının favoritləri dəyişməz olaraq qalır. Hər il eyni favoritlər Çempionlar Liqasında uğurlu çıxış edir".

Bu sözləri informator.az'a açıqlamasında futbol eksperti Aslan Kərimov söyləyib. Baxmayaraq ki, Almaniya təmsilçisi final oynadı, ekspert, bu il onların finala çıxmasına şüphə ilə yanaşır:


"Keçən mövsüm Çempionlar Liqasının 1/4 finalında oynayan rəqiblər potensial olaraq Çempionlar Liqasını qazanmaqdan ötrü favorit göstərilə bilərlər. İstər "Real Madrid" istər "Mançester Siti" olsun, lakin "Dortmund" sual altındadır. "Dortmund"-da stabillik o qədər də olmur. Bir sezon Çempionlar Liqasını qazana da bilərlər, lakin digər sezon o qədər uğurlu çıxış edə bilmirlər. Ümumilikdə təbii ki, "Real Madrid", "Barselona", "Bavariya" Çempionlar Liqasının dəyişməz favoritləri sayılacaqlar. "Pari Sen-Jermen" bu favoritlərdən biri ola bilər. İtaliya klublarından finala və ya yarım finala gələ biləcək komanda olduğunu düşünmürəm, onlar da qeyri-stabillikləri ilə seçilirlər. Dünyanın ən yaxşı oyunçularını transfer etmək baxımından fəallıq göstərmirlər".

O, ümumi transferlərdən bəhs edib, bu ilin ən böyük transferi artıq gerçəkləşib:

"Bütün dünyanın gözü önündə olan "Real Madrid"-in Kylian Mbappe transferidir. Təbii ki, belə bir oyunçunu komandalarına qatırlarsa, bu onların oyunlarına təsir edəcək bir faktordur. Digər komandaların transferlərinə baxsaq, məsələn "Mançester Siti" böyük transferlər etməyib, keçən ilki heyəti komanda, oyun baxımından yüksək göstəricilərə sahibdir. İngiltərə klubunun böyük transferlər etməyinə ehtiyac duyulmur, onlar bu heyətlə də Çempionlar Liqasında böyük göstəricilərə sahib olacaqlar. Ən gözləntili, ən böyük transfer də, dediyim kimi Mbappe transferidir. Bütün azarkeşlərin illərdir gözlədiyi bir transfer idi. Digər transferlərə ümumi baxsaq, İngiltərə premyer liqası ən çox transfer edən liqadır. Hər il ən çox transfer pulu xərcləyən liqa onlardır. İspaniya və Almaniya da həmçinin transferlərdə aktiv, fəal iştirak edirlər".

Aslan Kərimov öz yerli liqalarında və çempionlar liqasında komandaların iştirakına ümumi nəzər yetirib:

"Yerli liqalara baxsaq, Çempionlar Liqasının 1/16 və 1/4 mərhələlərinə gedəcək böyük beşlikdə olan klublardan İngiltərədən dəqiq olacaq, İspaniyadan olacaq, Almaniyadan əmin deyiləm, amma "Bavariya"-nın gücünə bələdik, onlar ola bilər, Fransada "PSJ" ola bilər. Adını çəkdiklərim yerli liqada favoritlərdir. İspaniyada hər il olduğu kimi üçlüyün mübarizə apardığını görəcəyik. "Real Madrid", "Barselona", "Atletiko Madrid" bu klublar ilk üç yer uğrunda mübarizə aparacaq. İngiltərədə əlbəttə "Mançester Siti" olacaq,  Almaniyada "Bavariya" olacaq, "Bayer  Leverkuzen"-nin bu həddə gəlib çıxacağını bilmirəm. Sözün düzü, "Leverkuzen"-nın Bundesliqada uğurlu ola biləcəyinə şübhə ilə yanaşıram".

Məhəmməd Qasımov