İran BMT və AB-yə məktub ünvanlayıb

Bölmə: Siyasət › ,
Tarix: 22:46 21.07.2025

İranın xarici işlər naziri Abbas Arakçı BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının üzvlərinə və AB diplomatiyasının rəhbəri Kaya Kallasa məktub ünvanlayıb.Bu barədə XİN rəhbəri sosial şəbəkədə yazıb.

 

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov “İnformator.az” a açıqlamasında bildirib ki, İran ilə Qərb ölkələri, daha dəqiq desək, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya arasında bu danışıqlar prosesi uzun müddətdir ki, müxtəlif formalarda davam etdirilir:

 

“Bəzən bu prosesdən tamamilə imtina olunur, bəzən isə tərəflər qarşılıqlı güzəştlər etməyə çalışırlar. Xatırlatmaq lazımdır ki, bu danışıqlar prosesi hələ ABŞ-də Barak Obamanın prezidentliyi dövründə, 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın iştirakı ilə İranla razılıq əldə olunması ilə nəticələnib. O zaman razılaşdırılıb ki, İran nüvə zənginləşdirmə fəaliyyətini yalnız mülki məqsədlərlə həyata keçirəcək və heç bir halda nüvə silahı əldə etməyə can atmayacaq. Bu razılaşmanın nəticəsi olaraq İrana qarşı tətbiq edilən sanksiyaların bir hissəsi ləğv edilmişdi və qarşılıqlı münasibətlərin yumşaldılması istiqamətində addımlar atılıb. Lakin ABŞ-də Donald Tramp prezident seçildikdən sonra, 2018-ci ildə ABŞ birtərəfli qaydada bu razılaşmadan imtina edib və nəticədə proses pozulub. Bundan sonra İranın nüvə zənginləşdirmə fəaliyyəti müəyyən mənada beynəlxalq nəzarətdən kənarda qalıb. İran tərəfi iddia edir ki, razılaşmanı pozan tərəf özü deyil, ABŞ və onun müttəfiqləridir. Bu hadisələrdən sonra, son 5-6 il ərzində İran nüvə zənginləşdirmə istiqamətində müəyyən addımlar atıb və bu addımların hansı həddə çatdığı barədə beynəlxalq ictimaiyyətin dolğun məlumatı yoxdur. Hətta bəzi dairələr İranın nüvə silahı əldə etmək üçün zənginləşdirmə səviyyəsinə çatdığı barədə fikirlər səsləndirir”.

 

Politoloq qeyd edib ki, bütün bu gedişat nəticəsində İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ilə, iyunun 13-də 12 günlük hava hücumları baş verib:

 

“İndiki mərhələdə əgər danışıqlar prosesi bərpa olunarsa, İran tərəfi əvvəlki kimi sanksiyaların ləğvini və ya yumşaldılmasını tələb edir. Qarşı tərəf isə əksinə, əlavə təzyiqlər göstərməyə çalışır.Lakin son onilliklər göstərib ki, İran artıq sanksiyalarla təzyiq mərhələsini keçib. Çünki 1979-cu ildən etibarən İranın hazırkı rejiminin hakimiyyətə gəlməsindən sonra ölkəyə müxtəlif formalarda sanksiyalar tətbiq edilib. Sanksiyalar İranın inkişafını müəyyən qədər ləngitsə də, Qərb ölkələrinin tam istədiyi nəticəni əldə etməsinə səbəb olmayıb.Mən düşünürəm ki, indiki mərhələdə yeni sanksiyaların tətbiqi də eyni effekti verəcək. Lakin burada vacib məqam ondan ibarətdir ki, bu illər ərzində İranın nüvə zənginləşdirmə sahəsində hansı addımlar atdığı hərtərəfli araşdırılmalıdır. Araşdırma aparılmadan yeni sanksiyaların tətbiq edilməsi beynəlxalq hüquq normalarına uyğun olmaz. Digər tərəfdən, İran da şəffaflıq nümayiş etdirməyə borcludur. Əgər İran nüvə proqramını yalnız mülki məqsədlərlə həyata keçirdiyini iddia edirsə, bu prosesi beynəlxalq nəzarətə açmalıdır”.

 

Politoloq son olaraq əlavə edib ki, İsrailin İrana qarşı hücumları danışıqlar prosesinə ciddi zərbə vurub:

 

“İran üçün bu, prosesi dayandırmaq üçün bəhanə olub. Amma əgər indi danışıqlar yenidən başlayacaqsa, o halda bütün tərəflər öhdəliklərinə əməl etməlidir. İran nüvə proqramını şəffaf şəkildə nümayiş etdirməli, digər tərəflər isə sanksiyaları yalnız konkret əsaslarla tətbiq etməlidir. Əks halda, bu proses yenə nəticəsiz qalacaq və beynəlxalq hüquqa növbəti zərbə vurulacaq.Bu baxımdan hesab edirəm ki, həm İran, həm də qarşı tərəf qarşılıqlı şəkildə öz öhdəliklərinə əməl etməli və yalnız bundan sonra haqlı tələblər irəli sürməlidirlər”.


Ləman Mahmudlu