Startapların uğurlu olması üçün nə lazımdır?-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:58 02.09.2024

"Startapların və digər biznes növlərinin uğurlu olması eyni kriterlərə (normal rəqabətli mühitə, elmi potensiala, kreativ yanaşmaya, rəqabət və dövlət dəstəyinə) bağlıdır".

Bu sözləri "informator.az"a açıqlamasında İqtisadçı ekspert Natiq Cəfərli söyləyib.

Ekspert startapların üstünlüyündən də bəhs edib:

"Startaplar digər biznes növləri kimi eyni məntiqlə idarə olunur. Sadəcə startapların üstünlüyü odur ki, 100 startapdan 1 və ya 2-si əgər çox yaxşı nəticə göstərirsə, tez bir zamanda çox böyük gəlir əldə etmək imkanları və fürsətləri yaradır. Bunun üçün isə elmi baza əsasdır. Yəni startap açmaq və ya elan etmək asanddır. Əsas burada mühəndislər, yaxşı təhsilli insanlar olmalıdır. Bunlardan əlavə olaraq, vergi gömrük sistemi normal işləməlidir, təşviqedici addımlar atılmalıdır, kreditləşmə asan olmalıdır. Yəni kriterlər həddindən artıq çoxdur".

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda startap daha yeni dəb halına gəlir:

"Yeni bu sahədə müəyyən şirkətlər, şəxslər fəaliyyət göstərməyə başlayırlar və Azərbaycanda bunun inkişafı üçün ciddi bir zamana ehtiyac yaranacaq. Çünki startap layihələrinin özəlliyi həm də oradadır ki, onlar daha böyük bazara çıxış imkanları əldə etməyə çalışırlar. Bu mənada Azərbaycan bazarı böyük bazar deyil. Yəni, 10 milyonluq bazardır. Ya regional, ya da beynəlxalq bazarlara çıxış əldə etməyə çalışmalıdırlar. Bunun üçün isə iqtisadi institutlar lazımdır. Eyni zamanda startapların səhmdarlaşması üçün qiymətli kağızlar bazarına ehtiyac var".

Fatimə Abdulrəhimli