" TANAP VƏ TAP layihələri vasitəsilə Avropa ölkələrinə qaz ixracatı getdikcə artır..."-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 16:44 03.09.2024
SOCAR Xorvatiyaya qaz tədarükünə başlayıb.
Beləliklə, Xorvatiya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Ruminiya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan 10-cu ölkə olub.
Bu hal Azərbaycan üçün nə kimi əhəmiyyət daşıyır?
Bu barədə iqtisadçı Natiq Cəfərli "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan hər keçən il Avropa ölkələrinin qaz təminatında daha önəmli rol oynamağa başlayır:
"TANAP və TAP layihələri vasitəsilə Avropa ölkələrinə qaz ixracatı getdikcə artır. 2027-ci ildə indikindən 2 dəfə artıq qaz tədarük etməyi bir müqavilə ilə Azərbaycan öz öhdəliyinə götürüb. İndi Avropaya 10.5-11 milyard kub metr qaz tədarük olunur. 2027-ci ildə bu 20 milyardı keçməlidir. Ona görə də Azərbaycan yeni müqavilələr, yeni bazarlar axtarır və daha çox xırda ölkələr, qaz istehlakı az olan ölkələrin qazla təminatında daha önəmli rol oynayır".
İqtisadçının sözlərinə görə, bu Avropa birliyinin istəyidir:
"Avropa birliyi buna çalışır ki, Azərbaycanın göndərdiyi qaz daha çox Şərqi və Cənubi Avropa ölkələrinin qaz təminatında önəmli rol oynasın. Çünki, həmin ölkələr daha çox Rusiya qazından asılı idilər. Rusiya qazının çatdırılmasında son zamanlar müəyyən problemlər yaşanır. Ona görə də, iqtisadi münasibətlərin Avropa birliyi ilə artan xətlə inkişaf etməsi, Avropa ölkələrinin Azərbaycan qazı ilə təmin olunması təbii ki, Azərbaycana əlavə iqtisadi və siyasi üstünlüklər gətirir".
Aslanova Fatimə