"Kriptovalyutalar heç vaxt ənənəvi valyutaları əvəz edə bilməyəcəklər..."-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:30 10.09.2024
"Kriptovalyutaların mövcud maliyyə sisteminə hazırkı təsiri hələlik daha çox ora vəsaitin yatırılması ilə bağlıdır. Yəni, başqa sahələrə yatırıla bilən vəsaitlərin bir hissəsi də kriptovalyutalara yatırılır".
Bu sözləri "informator.az"a açıqlamasında Biznes jurnalisti və fed.az saytının baş redaktoru Əli Əhmədov söyləyib.
Ekspert kriptovalyutaların mövcud maliyyə sisteminə təsirindən bəhs edib:
"Tutaq ki, müəyyən qədər vəsait var və dünyada onun bir hissəsi fond bazarına, qiymətli kağızlara, bir hissəsi banklara, qızıla, digər əmtəələrə və yaxud da digər aktivlərə yatırılır. İndi isə onların bir hissəsi kriptovalyutalara yatırılır. Yəni, təsiri daha çox bununla bağlıdır ki, ora vəsait yatırılır, o bazarın da həcmi əsasən bitkoin, bazar dəyəri ilə formalaşır. Bəzən daha böyük və ya daha az olur. Maliyyə bazarlarına real təsiri hələlik yalnız bununla məhdudlaşır. Üstünlük kimi təqdim olunan köçürmələrin rahatçılığı, tezliyi, təhlükəsizliyi hələlik kriptovalyutalarda o qədər də populyar deyil. Onu alan pulu köçürmək üçün almır. Daha çox pullarını saxlayıb gələcəkdə artımı gözləməklə bağlıdır ki, vəsait əldə etsinlər. Kriptovalyutaların hazırda təsiri yalnız budur. Müəyyən dərəcədə birjalarda özünə yer etməyə başlıyıb. Amerikanın qiymətli kağızlar Komitəsi bəzən hansısa əməliyyatlara icazə verir. Kriptovalyutaların köməyi ilə həmin o valyutalarda heç də həmişə təsir etmir. Ancaq müəyyən dərəcədə onların dəyərdən düşməsinə imkan vermir. Bu qərarlar olduqca ümidləndirir ki, tam da dəyərsiz olmayacaqlar. Hazırda ondan daha çox yatırım aləti kimi istifadə olunur".
Əli Əhmədovun sözlərinə görə, kriptovalyutalar heç vaxt ənənəvi valyutaları əvəz edə bilməyəcəklər:
"Çünki kriptovalyutalar mərkəzi idarəçisi və yaxud tənzimləyicisi demək olar ki yoxdur. Onlar müəyyən riyazi texnoloji sistemlər əsasında fəaliyyət göstərirlər. Onların say məhdudiyyəti var, blokçeyn texnologiyası ilə işləyirlər. Lazım olanda hər hansı bir formada müdaxilə etmək olmur. Bir tərəfdən yaxşı olsa da, bir tərəfdən də pisdir. Ona görə ki, maliyyə bazarlarını müəyyən dərəcədə mərkəzi banklar idarə etməlidir. Yəni kriptovalyutaların ənənəvi valyutaları əvəz etməsinə heç vaxt hökümətlər, maliyyə bazarları icazə verməyəcək. Əslində ən doğrusu da budur. Çünki bu vəsaitə əhali, camaat, müəyyən inversiyalar bura pul yatırırsa, hər hansı bir formada qarantisi olmalıdır. Buna görə də ənənəvi valyutalar həmişə olacaq".
Ekspert bildirib ki, hazırda kriptovalyutalardan daha çox nəzarətdən kənar əməliyyatların həyata keçirilməsi üçün istifadə edirlər:
"Bunun bariz nümunələrindən biri də Rusiyanın atdığı addımlardır. Məlum olduğu kimi Rusiyaya qoyulan sanksiyalar getdikcə sərtləşir. Bir qədər əvvəl sanksiyalar Moskva birjasını da əhatə etdi. Orada da artıq dollarla əməliyyatlar dayandırıldı. Yəni qanuni cəhətdən dollarla əməliyyat aparmaq lisenziyası, ixtiyarı yoxdur artıq. Ancaq burada dolların bölüşdürülməsi, xaricdən ödəmələr, hesablaşmalar dollarla olmalıdır, yəni dolların dövriyəsi baş verməlidir. Bunu həyata keçirmək üçün Rusiya hökuməti kriptovalyutalar ilə ödənişlə bağlı hazırlıqlara başlayıb. Elə buradan da görünür ki, hər hansı vəsaitlərdən yayınmaq, nəzarətdən kənar əməliyyatlar aparmaq üçün lazımdır. Son vaxtlar şantaj xarakterli məsələlərdə ən çox kriptovalyutalar sayəsində həyata keçirilir. Ancaq adi hesablarla bunu etmək qeyri-mümkündür. Çünki dünyadakı bütün bank hesablarına nəzarət olunur. Kriptovalyutaların guya şəxsi məlumatların qorunmasına kömək edən tərəfi, gizlilik tərəfi əslində həm də onların mənfi tərəfidir".
Fatimə Abdulrəhimli