Boşanmadan tələb olunan aliment necə müəyyən edilir? -RƏY

Bölmə: Sosial › ,
Tarix: 12:04 30.09.2024

Aliment nikah pozulmadan da tələb oluna bilər. Qanunla qadınlar boşanmadan da aliment alma hüququna malikdilər.

 

Bəs, boşanmadan tələb olunan alimentin məbləği necə müəyyən edilir?

 

Mövzu ilə bağlı Hüquqşünas Ramil Süleymanov "informator.az"a açıqlamasında bildirib ki, ər və arvad arasında nikah pozulmadan da uşaqlar kimin himayəsindədirsə, alimenti tələb etmək hüquqi yaranır:

 

"Azerbaycan Respublikası Konstitusiyasında 17.2 maddəsinə əsasən, uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin hər ikisinin borcudur. Bu öhdəliyin yerinə yetirilməsinə dövlət nəzarət edir.

Valideynlər arasında münasibətlər Azerbaycan Respublikası Ailə Məcəlləsinə əsasən tənzimlənir. Ailə Məcəlləsinin 22.2.2 maddəsinə əsasən, əgər ər və arvad arasında boşanma baş verərsə, mütləq şəkildə alimentin miqdarı da müəyyən olunmalıdır. 

Azerbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, valideynlər uşaqları saxlamaq vəzifəsi daşıyırlar və onların bir borcu var. Uşaqların saxlanılmasının qayda və formalarını valideynlər özləri müstəqil qaydada müəyyən edirlər. Valideynlərin arasında uşağın saxlanılmasına dair saziş olmadıqda və ya valideynlərdən biri bu borcunu yerinə yetirməkdən uzaq durduqda, o zaman nikah pozulmadan uşaq kimin himayəsindədirsə, qarşı tərəfdən alimentin alınması ilə bağlı müraciət edib, iddia qaldıra bilər.

Azerbaycan Respublikası Ailə Məcəlləsinə 76-cı maddəsinə görə ər və arvadın birgə nikahından 1 uşağı olarsa, valideynlərin qazancının və başqa gəlirinin dördə bir hissəsi, 2 uşağı olarsa üçdə bir hissəsi, 3 və daha çox uşağı olduqda qazancın (başqa gəlirlərin) yarısı uşaqların saxlanılması üçün nəzərdə tutularaq ödənilir".

 

Hüquqşünasın sözlərinə görə, əgər valideynin qazancı olmazsa, Azerbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci məcəlləsinə görə sabit pul məbləği qaydasında da tutula bilir:

 

"Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cu ildə ölkə üzrə uşaqların minimum yaşayışı 235 manat məbləğində müəyyən olunub. Aylıq qazancı olmayan şəxslər sabit pul məbləğində aliment ödədikdə uşaqların sayına görə, aylıq 235 manat olmaqla aliment ödənilməsi barədə məhkəmə qətnamə və ya qərar qəbul edə bilər. Alimenti ödəmək öhdəliyi olan və ya bununla bağlı məhkəmə qərarı olan şəxs alimenti ödəməkdən yayındıqda Ailə Məcəlləsinin 64.0.2 maddəsinə əsasən valideynlik hüquqlarından məhrum oluna bilir".

 

Elnurə Kərimova