Azərbaycanda su resurslarında ciddi problemlər: "Qıtlığın əsas səbəbləri..."-Ekoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 22:18 29.10.2024
"İçməli su təchizatı baxımından Azərbaycanın böyük hissəsində (Aran bölgəsi istisna olmaqla) kifayət qədər təminat mövcuddur. Şamaxı və bəzi digər yerlərdə su təchizatı ilə bağlı problemlər olsa da, müxtəlif layihələrlə bu məsələlərin həllinə çalışılır. Bununla belə, sudan düzgün istifadə olunmaması və qənaət mədəniyyətinin yetərincə olmaması əlavə çətinliklər yaradır".
Bu sözləri "informator.az"a açıqlamasında Ekoloq Qorxmaz İbrahimli söyləyib. Ekoloq Azərbaycanın su resurslarının azalmasının əsas səbəblərindən də bəhs edib:
"Su qıtlığı əsasən yay aylarında baş verir, çünki bu dövrdə suyun böyük hissəsi kənd təsərrüfatı məqsədilə istifadə olunur. Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə (pomidor, xiyar, meyvə və tərəvəz) Rusiyanı təmin etməsi ölkədə suya olan tələbi artırır. Rusiya özünü təmin etmək üçün uyğun ərazilərə (Şimali Qafqaz, Qara dəniz sahili və Volqa ətrafı) malik olduğu halda, Azərbaycanın təbii resurslarının bu qədər geniş miqyasda istifadəsi torpaqların pestisidlərlə çirklənməsi və səhralaşma kimi ekoloji problemlərə yol açır. Mərkəzi Aran bölgəsində drenaj sistemlərinin pozulması, Mingəçevir su anbarının təsiri və yaşıl sahələrin qorunmaması da su ehtiyatlarının azalmasına və ölkədə rütubətliliyin aşağı düşməsinə səbəb olur. Rütubət azaldıqca səhralaşma artır və su qıtlığı daha da dərinləşir. Azərbaycanın su ehtiyatları böyük ölçüdə transsərhəd çaylardan asılıdır; ölkənin su təminatının 71%-i bu çaylardan gələn sulara əsaslanır. Kür və Araz çayları kimi əsas su mənbələri müxtəlif ölkələrin sərhədlərindən keçərək istifadə edildiyi üçün Azərbaycana az miqdarda su çatır. Samur və digər transsərhəd çayların da vəziyyəti oxşardır. Bu su mənbələrinə əlavə olaraq, son illərdə qış mövsümünün quraq keçməsi, qar yağıntısının azalması və dağlardakı buzlaqların ərazisinin kiçilməsi nəticəsində də su resurslarında azalma müşahidə olunur".
Qorxmaz İbrahimlinin sözlərinə görə, bu problemlərin aradan qaldırılması üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır:
"Baxçalar və ibtidai məktəblərdə insanlar mədəniyyəti öyrənməlidirlər. Dövlətin təməli baxça və ibtidai məktəblərdə qoyulur. Suyun qiymətinin qaldırılması isə problemin həllində effektiv nəticə verməyəcək və sadəcə olaraq vətəndaşların ailə büdcəsinə mənfi təsir göstərəcək. Bundan əlavə, Bakıda əhalinin sıxlığının azaldılması və ölkənin digər bölgələrinə köçürülməsi də su təminatının balanslaşdırılmasına kömək edə bilər. Əyalət şəhərlərinin inkişaf etdirilməsi və universitetlərin Bakıdan köçürülməsi şəhərdəki su təzyiqini azaldar. Əsas həll yolu isə əhalini düzgün su istifadəsinə və qənaətə yönəltməkdir".
Fatimə Abdulrəhimli