Elektron kitablara artan maraq: Çap məhsulları əhəmiyyətini itirir?-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 19:37 31.10.2024
Texnologiya inkişaf etdikcə, internet əsri irəlilədikcə elektron kitabxanalar, kitablar da geniş vüsət alır. İnsanlar günümüzdə elektron kitab oxumağı daha çox üstün tuturlar.
İnsanlara nə üçün elektron kitab daha maraqlı gəlir? Çap məhsullarına marağı artırmaq üçün hansı addımlar atılmalıdır?
Bu barədə “informator.az”a danışan sosioloq Mətanət Məmmədova bildirir ki, texnelogiya inkişaf etdikcə həyatımızda çox şey dəyişilib. Eləcə də kitab oxumağla bağlı problemlər yaranıb:
“Yəni ilk növbədə kitab bu gün az oxunur. Çünki həyatımıza daxil olan internet onun yaratdığı sosial şəbəkələr insanları, ümumiyyətlə, mətbuatdan kənarlaşdırıb. Yəni qəzet, kitab, jurnal oxumaqdan uzaqlaşdırıb. Digər tərəfdən isə texnologiya kitabları elektron şəkildə oxumağı da bizə təqdim edib. Bunun özü pis bir şey deyil, təki oxumaq olsun. İnsan onu çap məhsulundan oxusa da olar. Kaş cəmiyyətimizdə insanlar kitab oxumağa maraqlı olardılar. Yəni hansı vasitə ilə olur olsun oxuyardılar. Lakin bu gün problem ondadır ki, insanlar kitab oxumaq istəmirlər. İstər çap məhsulu olsun, istərsə də internetden olsun. Çünki onların maraq dairələri artıq bu gün başqa bir şeydir. Sosial şəbəkələrdə boş-mənasız videolara baxmaqdır. Bütün təbəqələrdən olan yaş qruplarına lazım olmayan məsələlərlə, videolarla baş qatmaq, əslində kitab oxumağın özü çox gözəl bir şeydir. Kitab insanın dostudur. Sanki kitab insanla söhbət edir, onunla dərdləşir, yəni kitab oxumaq əsrlərlə cəmiyyətin formalaşmasında, gənclərin öz yolunu-həqiqi yolunu tutmasında böyük dəstək olub".
Sosioloq çap və elektron kitabların müqayisəsindən bəhs edib:
"Çap məhsulu olaraq oxumağın çox böyük faydaları var. Yəni insana onun zərəri yoxdur. Yəni biri var çap məhsulunun hərfinə baxasan, biri də var ki, elektron təqdimat vasitəsi ilə buna baxasan. Bu da həddindən artıq zərərlidir. Elektron kitabxanalar nə vaxtsa çap məhsullarını üstələməyəcək. Nə qədər ki, həyat davam edir, nə qədər ki, həyat vardır çap məhsuluda olacaq. Çünki dünya miqyasında belədir ki, çap məhsulları bu gün də əvvəlki qədər geniş şəkildə ədəbiyyatlar çap olunur. Onlar həm kitabxanalara yerləşdirilir, həm də satışa verilir. İstəyən də istifadə edir”.
Sosioloq məsləhət görür ki, insanlar çap məhsullarından daha çox istifadə etsin:
“Keçmiş ənəni yaşatmaq üçün kitab oxuma mədəniyyətini yaşatmalıyıq. Həm valideyndə, həm də orta məktəb və ali məktəb müəllimləri uşaqlara elektron kitabla çap məhsulunun fərqin onlara göstərməlidirlər. Onlar düz yolla gedə bilsinlər. İnsanlar çap məhsuluna daha çox meyil etməlidirlər. Elektron oxunan kitabdan çap məhsulundan oxuduğun zövqü ala bilmirsən. Yəni kitabların özünə məxsus qoxusu var. Həyatda nə qədər duyğulu anlar varsa, biz onları kitablarla birlikdə yaşayırıq. Çap məhsulu insana elektron kitabdan bir addım daha yaxındır”.
Kəmalə Vəliyeva