Çin və ABŞ arasında olan ticarət müharibəsi- Azərbaycana necə təsir edəcək?
Bölmə: Sosial › ,Tarix: 12:03 04.11.2024
Çinin iqtisadi vəziyyəti son dövrlərdə həqiqətən də beynəlxalq iqtisadiyyatda diqqət çəkən bir mövzudur. Çin və ABŞ arasında ticarət müharibəsi və sanksiyalar davam edir və bu, texnologiya sektoru başda olmaqla bir çox sahəyə mənfi təsir edir. Çinin daxili bazarında proteksionizm tədbirləri, texnologiya istehsalı, həmçinin dünya bazarına ixracda məhdudiyyətlər yaranır.
Bu ticarət müharibələrinin qlobal texnologiya bazarına təsiri, eləcə də iqtisadi olaraq Azərbaycana təsiri necə olacaq?
Bu barədə iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirir ki, ABŞ və Çin arasında iqtisadi müharibələr, daha doğrusu, rüsum müharibələri 2014-2015-ci ildən mövcuddur:
" Yəni, bu ilk deyil və uzun müddətdir davam edir. Çinlə rəqabətdə ABŞ və Avropa şirkətləri uduzurlar, çünki Çin bazarlara daha ucuz məhsullar təklif edir. Əvvəllər Avropa malları keyfiyyəti ilə fərqlənirdi, amma indi demək olar ki, Çin məhsullarının keyfiyyəti də olduqca bəyənilir və ABŞ, həmçinin Avropa şirkətləri rəqabətə davam gətirmək üçün daxili bazarlarında Çin məhsullarına gömrük rüsumlarını, vergiləri kəskin şəkildə artırırlar. Məsələn, ABŞ elektromobillərə 100% gömrük rüsumu tətbiq edir. Tutaq ki, 30,000 dollarlıq bir maşının qiymətinə 20,000 dollar məbləğində gömrük rüsumu əlavə olunur. Avropada isə bu rüsum 20%-dən 40%-ə qaldırılıb. Çin avtomobilləri ilə yanaşı, texnoloji şirkətlərlə də bağlı problemlər var. Qərbin iddiası ondan ibarətdir ki, Çinin texnoloji şirkətləri kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar. Hələ ki, bu sübuta yetirilməsə də belə bir iddia mövcuddur.
Əsas məsələ Çin məhsullarının bazarda daha böyük rəğbət görməsidir. Burada problem ikitərəflidir. Əgər Avropa və ABŞ Çin məhsullarına rüsumu artıracaqlarsa, bundan ən çox ziyanı daxili istehlakçılar görəcəklər. Bu, o deməkdir ki, Avropa və ABŞ-da Çin məhsulları bahalaşacaq. Çin məhsullarının bahalaşması yerli istehsal məhsullarının da bahalaşmasına səbəb olacaq. Nəticə etibarilə zərbə istehlakçılara dəyəcək. Açığı, bunun sonu yoxdur və uzun müddət davam edə bilməz, çünki Avropa və ABŞ şirkətləri Çindən gələn detallardan həddindən çox asılıdırlar. Bu, avtomobil sənayesi, elektrotexnika, hətta günəş panelləri üçün də keçərlidir. Üstəlik, yaşıl iqtisadiyyata keçid prioritet elan olunub. Bütün bunları nəzərə alsaq, bu bir müddət davam etsə də, bunun bir sonu yoxdur, yəni anlaşmalar mütləq olacaq".
İqtisadçı qeyd edib ki, yaşanan rüsum artımının Azərbaycana birbaşa təsiri yoxdur:
"Çünki Azərbaycanın Avropa, ABŞ və Çinlə əlaqələri və qarşılıqlı ticarət müqavilələri var. Yəni, onların arasında baş verən proseslərin Azərbaycana birbaşa təsiri yoxdur".
Zəhra Məmmədova