Süni intellektin əhəmiyyəti - Hansı sahələrə daha çox təsir göstərir?
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:12 07.11.2024
Süni intellektin dünyanı necə dəyişdirdiyini düşünün – həyatımızda təsirini hər yerdə hiss edirik: səhiyyədən təhsilə, biznesdən gündəlik ünsiyyətə qədər. Bu texnologiya, gələcəyin reallığını indi yaratmaq üçün sürətlə inkişaf edir.
Bəs süni intellektin və avtomatlaşdırmanın iş bazarında ən çox təsir etdiyi sahələr hansılardır?
Bu barədə iqtisadçı Fuad İbrahimov "informator.az"a açıqlamasında bildirib ki, süni intellekt (AI) və avtomatlaşdırma texnologiyaları iş bazarında ən çox təsir etdiyi sahələrdən biri istehsal sənayesidir:
" Ənənəvi olaraq, yüksək səviyyədə işçi qüvvəsinə ehtiyac duyulan istehsal sektorunda robotların və avtomatlaşdırma proseslərinin tətbiqi insan əməyinə tələbatı azaldır, həm də məhsuldarlığı artırır. Bu dəyişiklik fabriklərdə işçi sayını azaltmaqla yanaşı, əmək xərclərini də aşağı salır. Ancaq nəticədə çox sayda işçi bu texnologiyaların səbəb olduğu dəyişikliklərdən mənfi təsir görür, çünki onların bacarıqları avtomatlaşdırılmış sistemlər tərəfindən asanlıqla əvəzlənir. Lakin bu, ənənəvi xidmət sektorunda işsizlik riskini də artırır və gələcəkdə "diplomlu işsizlər ordusu" ilə üzləşə biləcəyimizi göstərir".
İqtisadçının sözlərinə görə, süni intellekt texnologiyaları bankçılıq və maliyyə sektoruna da əhəmiyyətli təsir göstərir:
" Kredit dəyərləndirmə, maliyyə məsləhətləri, investisiya idarəçiliyi kimi vəzifələrdə artıq süni intellekt tətbiq olunur, çünki bu sistemlər məlumatları daha dəqiq və tez analiz edir. Bu zaman insan əməyinə ehtiyac olmur. Doğrudur, hər nə qədər iş prosesini asanlaşdırsa da, bu, məşğulluq sisteminə xeyli təsir edəcək. Ancaq ümumilikdə süni intellekt əmək bazarına kütləvi təsir etmir, əksinə yeni imkanlar yaradır".
Zəhra Məmmədova