Meşələrin Qırılması və Təbii Sərvətlərin İtkisi - Nələri itiririk?
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:57 14.11.2024
Meşələrin qırılması və təbii sərvətlərin itirilməsi son dövrlərdə ən ciddi və təcili həllini gözləyən məsələlərdən biridir. Bu proseslər ətraf mühitə, iqlim dəyişikliyinə, bioloji müxtəlifliyə və iqtisadiyyata dərin təsirlər göstərir.
Meşələrin qırılması nə səbəblərə görə baş verir və bu prosesin əsas amilləri hansılardır?
Məsələ ilə bağlı iqtisadçı ekspert Rövşən Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, meşələr bir çox müxtəlif amillərin təsiri altında azalır:
" Əgər biz iqlim dəyişikliyini əsas faktor kimi götürsək, təbii ki, burada meşələrin azalmasına təsir edən əsas amil yağıntıların azalması , həm də meşə yanğınlarının çoxalmasıdır. Həm ağacların quruması, həm də temperatur istiləşməsi nəticəsində meşə yanğınlarının çoxalması getdikcə daha çox meşələrin itirilməsinə səbəb olur. Digər bir amil isə, əlbəttə ki, insan amilidir".
İqtisadçı ekspert sözlərində, Amazon və bu tipli meşələrin azalmasının səbəbini də qeyd edib:
"Amazon ya da bu meşələr ona görə azalır ki, onlar daha çox qırılır və tikinti materialı kimi istifadə olunur. Həm yanacaq kimi istifadə olunur, həm də meşələr qırılaraq daha çox əkin əraziləri üçün yerlər açılır, bu da biomüxtəlifliyə təsir edir. Afrikada da eyniqiymətli ağaclar ucbatından meşələrin qırılması baş verir. Meşələrin qırılmasının qarşısının alınması dayanıqlı inkişafın ən mühüm amillərindən biridir. Çünki, meşələr həm ətraf mühiti oksigenlə təmin edir, təmiz hava təmin edir, həm də daşqınların, təbii fəlakətlərin qarşısının alınmasında çox mühüm əhəmiyyətə malikdir. Həm də meşələr çox qiymətli heyvanların yaşadığı yerdir. Çox qiymətli qida verən ağacların bitdiyi yerdir.
Ümumiyyətlə, biz meşələrin faydasını sadalasaq, yəqin ki, uzun bir siyahı düzələr. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, meşənin qorunması üçün məhz yaşıl iqlimlə əlaqəli maliyyə fondlarının gücü artırılmalıdır. Xüsusilə, qlobal əhəmiyyət kəsb edən, Amazon və.s kimi meşələr qorunmalıdır".
Qüdrət Məmmədova