Subsidiyalar regionlararası iqtisadi fərqləri necə azaldır?-İqtisadçı AÇIQLAYIR
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:34 18.11.2024
"Ölkədə həyata keçirilən siyasət və layihələrin əksəriyyəti Bakı ilə regionlar arasındakı fərqi artırmağa xidmət edir. Bununla belə, bəzi effektivliyi aşağı olan siyasət tədbirləri də mövcuddur ki, bu, daha çox aqrar sahədə özünü göstərir".
Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Elçin Rəşidov söyləyib. Ekspert regionlarda iqtisadi aktivliyi artırmaq üçün həyata keçirilən stimullaşdırıcı tədbirlərdən də bəhs edib:
"Kənd təsərrüfatına verilən subsidiyalar əsasən regionlarda cəmlənir və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri vergidən azad olunur. Subsidiyalar müxtəlif formalarda təqdim edilir: məhsulun növünə, əkin sahəsinə, alınan texnika və avadanlığa, qoyulan investisiyaya, eləcə də yüksək məhsuldar cins heyvanların idxalına görə dəstək şəklində təmin olunur. Layihələrə gəldikdə, regionlarda aqrar komplekslərin yaradılması, yol, qaz və elektrik xətlərinin çəkilməsi kimi infrastruktur tədbirləri həyata keçirilir. Lakin əhalinin seyrək yaşadığı ərazilərdə bu tədbirlər adambaşına daha çox investisiya tələb edir".
Elçin Rəşidovun sözlərinə görə, turizm potensialına malik regionlara dövlət tərəfindən böyük həcmdə investisiyalar yönləndirilir:
"Bundan əlavə, dövlət investisiyaları və dövlətin dəstəkləri, o cümlədən turizm subyektlərinə verilən dəstəklər çoxdur. Habelə aqroturizm obyektləri də vergidən azaddırlar və eyni zamanda dövlətdən müxtəlif formalarda dəstək alırlar".
Fatimə Abdulrəhimli