Dəm qazından zəhərlənmə halları artır-Ekspert Açıqlayır
Bölmə: Sosial › ,Tarix: 19:50 20.11.2024
Havaların soyuması ilə istilik sistemləri istifadəyə başlayıb, insanların dəm qazından zəhərlənmə hadisələri yenə artıb.
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "informator.az"a açıqlamasında bildirib ki, qaz təchizatı harda varsa, orada təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır:
"Qazın fiziki kimyəvi xassəsi yanır, partlayır, düzgün istifadə olunmadıqda dəm qazının yaranmasına səbəb olur. Ona görə qaz təchizatı olan evlərdə dəm qazı əleyhinə və qaz sızması əleyhinə dedektivlər olmalıdır. Bu qanunvericilikdə də təsdiq olunub. Dəm qazı əleyhinə olan dedektiv dəm qazı əmələ gələndə xüsusi səs siqnalı vasitəsilə istehlakçını bununla bağlı məlumatlandırır. Qaz sızması əleyhinə olan dedektiv də qaz sızması olduqda, klapan bağlanır, qazın verilməsi dayanır və bədbəxt hadisənin baş verməsinin qarşısı alınır. Ona görə mütləq qaz təchizatı olan evlərdə qanunvericiliklə də təsdiq olunduğu kimi həm dəm qazı əleyhinə, həm də qaz sızması əleyhinə dedektivlər olmalıdır".
Ekspert dəm qazının yaranması ilə bağlı da danışıb:
"Dəm qazı natamam yanma məhsuludur. Yanma prosesi düzgün getmədikdə yaranır. Yanma prosesi otaqda kifayət qədər hava olmadıqda düzgün getmir. Yəni qazın yanması üçün otaqda kifayət qədər oksigen olmalıdır. Bundan əlavə tüstü bacaları işlək vəziyyətdə olmadıqda, standartlara uyğun olmayan qaz cihazlarından istifadə etdikdə, qaz cihazlarına kənar müdaxilə etdikdə, əlbəttə, dəm qazının yaranma ehtimalı daha çoxdur. Mütləq qaz təchizatı olan yerlərdə havalandırma olmalıdır, ventilyasiya olmalıdır, tüstü bacası işlək vəziyyətdə olmalıdır və dəm qazı və qaz sızması əleyhinə dedektivlər olmalıdır. Ümumiyyətlə, otaqlarda quraşdırılan qaz peçlərinə də diqqət etmək lazımdır. Otağın kvadratı nəzərə alınmalıdır. 2 gözlü qaz peçi üçün otağın kvadratı minimum 8 kv olmalıdır, 3 gözlü peç üçün 12kv, 4 gözlü peç üçün isə otağın kvadratı 15 kv olmalıdır. Bunlarda otaqda kifayət qədər oksigenin olması üçün vacibdir. Əlbəttə, belə olan halda dəm qazının qurbanına çevrilməkdən qorunmuş oluruq. Ona görə də qaz təchizatına ciddi yanaşmaq lazımdır, hər hansı bir kənar müdaxilə edilməsi yolverilməzdir. Hər hansısa bir dəyişmə, təmir işlərinin görülməsini yalnız ixtisaslaşmış müəssisə aparmalıdır. Tüstü bacası ildə 2 dəfə təmizlənməlidir. Hansısa bir tüstü bacasını yoxlamaq üçün bir kağız parçasını yandıraraq onun sovurma qabiliyyətinin olub-olmadığını yoxlamaq lazımdır. Əgər sovurma qabiliyyəti yoxdursa deməli tüstü bacası işlək vəziyyətdə deyil. Bəzən tüstü bacası illərlə təmizlənmir, bacada dəlik , çat olur yaxud da məşiət tullantıları, heyvan cəsədləri qala bilər . Bu da yanma prosesinin qarşısını alır və dəm qazı yaradır. Dəm qazının əsasən hamam otaqlarında yaranmasının səbəbi isə budur ki, qaz cihazları hamam otaqlarında quraşdırılıb. Bu təhlükəsizlik baxımından yolverilməzdir. Ancaq artıq quraşdırılıbsa, mütləq havalandırma sistemləri işlək olmalıdır".
Aləmzər İbrahimova