İlk təəssüratlar və insan psixologiyasını anlamağın əhəmiyyəti
Bölmə: Sosial › ,Tarix: 23:15 28.11.2024
Demək olar ki, hamı ilk görüşdə gördüyü biri haqqında həm mənfi, həm də müsbət fikirlər bildirir.
Bəs insan psixologiyasını anlamağın əhəmiyyəti nədir?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova "informator.az" saytına açıqlamasında bildirib ki, insanların bir-birini tanıma prosesində ilk 90 saniyə əhəmiyyətlidir:
"İlk anlarda yaranan təəssüratlar insanın daxili dünyasını anlamada vacib rol oynayır. Bu dövr ərzində qarşı tərəfin davranışları, bədən dili və fizionomiyası, çox zaman insanın xarakteri haqqında vacib siqnallar verir".
Müsahib insanların özlərini ifadə etmə tərzinin uzun müddət ərzində davam edəcək münasibətlərdə necə bir təsir yaratdığına diqqət çəkir:
"İlk təəssüratlar çox zaman doğru olur. İnsanların davranışları, bədən dili və fizionomiyasından yaranan təəssüratlar bizi yanıltsa da, bu, insanın daxili dünyası haqqında mühüm məlumatlar verir.
Qarşı tərəfi tanımaq yalnız bu təəssüratlarla kifayətlənməməli, eyni zamanda psixoloji və sosial xüsusiyyətlərini də nəzərə alaraq daha düzgün nəticələr çıxarmaq lazımdır.
Bəzən elmi və intellektual mühitdə olan insanlarda narsist düşüncələr daha çox olur , belə şəxslərlə münasibətdə daha ehtiyatlı davranmaq lazımdır. Onlar öz mövqelərini hər şeydən üstün tutduqları üçün, ünsiyyət qurduqda, bu insanlar arasında davranış və düşüncə tərzini anlamaq üçün zaman keçirmək daha faydalıdır".
Psixoloq sözlərində, insanların davranışlarını yoxlamaq yerinə, sadəcə onların psixologiyalarını təhlil etməyi və bu yolla onların səmimiyyətini anlamağa çalışmağı tövsiyə edir:
"Psixoloji xüsusiyyətləri düzgün təhlil etməklə, qarşı tərəfin xarakterini anlamaq və ona nə qədər güvənə biləcəyini qiymətləndirmək mümkündür. Bu yanaşma, daha sağlam və etibarlı əlaqələrin qurulmasına yardımçı olacaq".
"İnsanların psixologiyasını daha dərindən anlamaq və onların psixotiplərinə uyğun münasibət göstərmək, yalnız daha sağlam əlaqələr yaratmağa deyil, həm də bir-birini daha yaxşı başa düşməyə kömək edir",-deyə o fikirlərini yekunlaşdırıb.
Çinarə Tarverdiyeva