Qadınlar ailə və karyera arasında necə seçim edir?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 20:43 29.11.2024
"Ailəsi ilə karyerası arasında qalan xanımlar üçün bu vəziyət xeyli çətin olur. Cəmiyyət, ailə gözləntiləri, günahkarlıq hissi qadınlar üzərində təzyiq yaradır".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Nizami Orucov söyləyib. Psixoloq cəmiyyətin gözləntiləri, günahkarlıq hissi və ya qərarların doğruluğuna dair şübhələrin qadınların qərar qəbul etmə prosesinə təsir göstərməsindən də bəhs edib:
"Bu səbəblə də, qadınlar ya qərar dəyişdirməli olurlar, ya da heç o qərarı vermirlər. Seçimdən vazkeçirlər. Digər ölkələrə nisbətən, Azərbaycanda bu durum daha çoxdur və tez-tez rast gəlinən hadisədir. Mentalitetimizə əsasən çətin bir qərardır demək olar. Çünki bizim ailə dəyərləri özünəməxsusdur və buna görə də qadınların seçim etməsi müxtəlif şərtlərə əsaslanmalı olur. Təzyiq məsələsi, xüsusilə qadınlar üzərində daha çox rast gəlinir və mütləq ki təsir göstərir. Amma son illərdə biznes sahibi olan, sahibkar xanımlar, böyük layihələrdə, ictimai hadisələrdə artıq ön planda ola bilirlər və ad qazanırlar. Bunlar çox gözəl hadisələrdir".
Nizami Orucovun sözlərinə görə, təzyiqlərə, şablonlara baxmayaraq öz zəhməti ilə, savadı və çabası ilə uğur qazanan hər bir xanım dəyərləndirilməyə layiqdir.
Fatimə Abdulrəhimli