Daha bir 800 - Böyrək transplantasiyası nədir?
Bölmə: Sosial › ,Tarix: 22:37 09.12.2024
800-cü böyrək transplantasiyası əməliyyatını icra edən cərrah- Mircəlal Kazımi.
Ümumiyyətlə, orqan transplantasiyası nədir və böyrək transplantasiyası əməliyyatı necə icra olunur?
Bu barədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri,cərrah-transplantoloq Mircəlal Kazımi “İnformator.az”a açıqlamasında bildirib ki, orqan transplantasiyası sıradan çıxmış, fəaliyyətini dayandırmış və digər tibbi və ya cərrahi üsullarla sağlamlığını bərpa edə bilməyən orqanların yaxud orqanın yenisi ilə əvəz olunmasıdır:
“Böyrək çatışmazlığı artıq son mərhələ sayılır. Bu məqamda xəstələrin yeganə qalıcı müalicəsi böyrək transplantasiyasıdır, yəni böyrəyin dəyişdirilməsi əməliyyatıdır. Təbii ki, hemodializ və ya dializ prosedurları da var, amma bu prosedur orqan transplantasiyasını əvəz etmir, böyrəyin normal funksiyasını və fəaliyyətini hemodializ və ya pereton dializi əvəzləyə bilmir. Bu üsul sadəcə xəstələrin sağ qala bilməsi üçün tətbiq olunan üsuldur. Dializ vasitəsilə xəstələr ya orqan tapılana qədər vaxt qazanırlar, ya da əməliyyata əks göstəriş olması səbəbindən xəstənin həyatını davam etdirməsi üçün tətbiq olunur. Böyrək transplantası isə böyrək çatışmamazlığının yeganə qalıcı müalicə üsuludur. Bu əməliyyat üçün xəstələrin donorlarının olması mütləqdir. Bu gün dünyada transplantasiya sahəsində tətbiq olunan praktikada donorlar 2 qrupa bölünür: canlı donorlar(yaşayan insanlardan bir böyrəklə transplantasiya), beyin ölümü həyata keçmiş insan donoru(meyitlərdən alınan böyrəklə aparılan orqan transplantasiyası)".
Həkimin sözlərinə görə, artıq öz şəxsi təcrübəsində 800-cü böyrək tranplantasiyası əməliyyatını ötən ay icra etmişdir:
“ Müəyyən təəssüf hissi ilə qeyd edirəm ki, 800 böyrək transplantasiyasının hamısı canlı donorlardan alınan orqanlar vasitəsilə həyata keçirilib. Amma yetəri qədər böyrək çatışmazlığından əziyyət çəkən xəstələrimiz var ki, onlar məhz canlı böyrək donoru olmaması səbəbindən böyrək çatışmazlığından əziyyət çəkir. Bu xəstələrin ümidi yalnız meyitlərdən alınan orqanlaradır. Ölkəmizdə orqan transplantasiyası sahəsində islahatlar və yenilənmələr davam etməkdədir. Bu islahat və yenilənmələrdən ən önəmlisi, beyin ölümü diaqnozunun qoyulması və beyin ölümü həyata keçmiş insanlardan orqanlarını ailələri və yaxınların bağışlaması və onların alınaraq orqan transplantasiyası edilməsidir. Bütün əməliyyatlar kimi böyrək transplantasiyası əməliyyatının da öz riskləri var. Böyrək transplantasiyası yalnız əməliyyatla bitən cərrahi prosedur deyil, burada əməliyyatdan əvvəlki, əməliyyatın özü və əməliyyatdan sonrakı, erkən və gec dönəmdə olan müdaxilələr, tibbi müayinə və müalicələr əsas rol oynayırlar. Əməliyyat uğurlu bitərsə, əməliyyatdan sonrakı dövrün müvəffəq olma ehtimalı yüksəlir. Böyrək transplantasiyası əməliyyatından sonrakı risklər dediyimiz zaman, dünyada heç bir böyrək transplantasiyası edən mərkəzin 100 faiz nəticəsi yoxdur. Burada xəstənin itirilməsi, orqanın itirilməsi, müəyyən dövrdən sonra xəstənin təkrar olaraq dializə qayıtması kimi hallar mövcuddur. Bir xəstəyə bir dəfədən artıq böyrək transplantasiyası edilməsi mümkündür. Hazırda bizim etdiyimiz böyrək transplantasiyası əməliyyatı canlıdan böyrək transplantasiyası xəstənin qohumu yaxud yaxınının bağışladığı böyrək vasitəsilə həyata keçirilir. Prinsip etibarilə əməliyyat eyni zaman kəsiyində iki ayrı əməliyyat salonlarında, paralel olaraq icra olunur. Bizim icra etdiyimiz böyrək transplantasiyası, böyrək donorunun əməliyyatı qapalı, laparoskopik üsulla, kiçik estetik kəsik vasitəsilə həyata keçirilir, eyni anda xəstəyə nəql olunur. Bu əməliyyatı iki komandanın eyni anda icra etməsinin ən böyük üstünlüyü ondadır ki, komanda özü profesionallaşır ki, bu da gələcək nəticəyə təsir göstərir. Fürsətdən istifadə edib,tövsiyyə etmək istəyərdim ki ,insanlar öz sağlamlıqlarının keşiyində dursunlar, ildə ən azı iki dəfə böyrək və ya sidik yolları xəstəliklərindən müayinə olunsunlar. Bu müayinə sadə bir test vasitəsilə həyata keçirilir. Xüsusilə uşaqlarda ildə iki dəfə sidiyin ümumi analizi verilməsi və qandakı kreatinə baxılması şərtilə böyrək çatışmalığının olub-olmaması təyin olunur. Zamanında müdaxilə gələcəkdə böyrəklərin tamamilə sıradan çıxması və böyrək köçürməsi əməliyyatınının qarşısını almağa şərait yaradacaqdır”.
Nərmin Həşimova