Həyat sığortasına maraq niyə yoxdur?
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:07 17.12.2024
Ölkəmizdə həyat sığortasına maraq kəskin azalıb. Gözlənilmədən müxtəlif xoşagəlməz hadisələrlə qarşılaşa bilərik. Təbiət və ya insan faktoru səbəbilə baş verən hər cür vəziyyətlərdə maddi itkilərlə üzləşmək mümkündür. Həyat sığortası isə məhz belə hallar üçündür. Kimi həyat sığortasının lazımsız olduğunu deyir, kimi isə ümumiyyətlə bundan xəbərsizdir.
Məsələ ilə bağlı "informator.az"a Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi mövqeyi ümumi açıqlamasında bildirib:
"Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi mövqeyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının dövri olaraq açıqladığı sığorta icmallarına nəzər yetirsək görürük ki, həyat sığortaları sinfi yüksək həcmli yığımları ilə ümumi sığorta bazarı üçün həmişə lokomotiv rolunu oynayır. 2024-cü ilin yanvar- oktyabr aylarına olan sığorta icmalından da görürük ki, hesabat dövrü ərzində bazar üzrə təmin olunmuş 1 milyard 112 milyon manatlıq ümumi sığorta yığımının 610.2 milyon manatı həyat sığortası sinfinin payına düşür. Bu da onu deməyə əsas verir ki, həyat sığortası bazarı ötən ilin analoji dövrü ilə müqayisədə 16% böyüyüb. Cari ilin hesabat dövründə həyat sığortaları üzrə vətəndaşlara ödənilmiş sığorta məbləği isə ötən ilin 10 ayı ilə müqayisədə 59% artaraq 406.4 milyon manat təşkil edib.
Hazırda, yerli sığorta bazarı həyat sığortaları üzrə 4-ü könüllü və 1-i icbari olmaqla 5 sığorta növü təklif edir. Bunlar “Həyatın yaşam sığortası”, “Həyatın ölüm halından sığortası”, “Əmək qabiliyyətinin sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta” növləridir.
Xüsusilə qeyd etmək istəyirik ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi qaydası”na əlavə və düzəlişlər qəbul edilib. Burada qeyd edilən əsaslı dəyişikliklər borcalanın həyatının sığortası istiqamətində sığorta bazarına müsbət təsirlər edəcəkdir".
Müsahibimizin sözlərinə görə, artan istehlakçıların sığortalanma tələbi sayəsində “Kredit həyat sığortası” məhsulu vasitəsilə əldə edilən yığımlar, bank və sığorta seqmenti üçün əlavə maliyyə resurslarının formalaşmasına imkan verəcəkdir:
"Bu yeniliyin maliyyə bazarının dayanıqlılığına ümumi marağın daha da artmasına da səbəb olacağını düşünürük.
Əlavə olaraq vurğulamaq istəyirik ki, ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri 2025-ci ildən bazara yeni sığorta məhsulları da çıxaracaq ki, bu da həyat sığortası bazarına olan marağın və vətəndaş müraciətlərinin sayının daha da artmasına təkan verəcək".
Mehriban Nəsibova