“Qeyri-neft sektorunda inkişaf müşahidə olunur”
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:23 24.12.2024
Azərbaycan iqtisadiyyatı neft və qaz sektoruna əsaslansa da, qeyri-neft sektoru son illərdə inkişaf edib. Bu, iqtisadiyyatın daha dayanıqlı və müxtəlif sahələrə yönəlməsinə imkan yaradır. Neft qiymətlərinin dəyişkənliyi isə hələ də təsirli amildir.
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov “informator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın iqtisadiyyatı neft-qaz sektorundan asılı olsa da, qeyri-neft sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur:
“Bu ilin ilk 11 ayında neft-qaz sektorunda 0,4% artım qeydə alınsa da, qeyri-neft sektorunda bu göstərici 6,4% təşkil edib. Neft qiymətlərindəki cüzi enişlər ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Xüsusilə, 2025-ci il dövlət büdcəsində neftin qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Hazırda isə neftin qiyməti bu həddən 2-3 dollar yuxarıdır. Orta hesabla, gələn il üçün proqnozlar 75-80 ABŞ dolları arasında dəyişir. Bu səbəbdən, hər hansı ciddi risklərin olmadığını düşünürəm”.
Qeyd edək ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları (1,14%) azalaraq 74,26 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,63 ABŞ dolları olub. Azərbaycanın cari dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir və SOCAR-ın bu müqavilədə payı 25%-dir.
Asiya Zeynallı