Pul siyasəti və maliyyə siyasəti arasındakı əsas fərqlər-AÇIQLAMA
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:53 24.12.2024
Pul siyasəti əsasən qiymətlərin sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. Maliyyə siyasəti isə maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin, onların orqanlarının timsalında sistematik fəaliyyətidir.
Bəs bu siyasətlər, yəni maliyyə və pul siyasətləri arasındakı əsas fərqlər nələrdir?
Müsahibimiz iqtisadçı Akif Nəsirli "informator.az"-a açıqlamasında bildirib ki, maliyyə siyasəti ölkənin maliyyə qanunvericiliyinə uyğun olaraq milli valyutanın hərəkətinə, vergilərin ödənilməsinə və digər məsələlərə nəzarət edir:
"Maliyyə sistemi yalnız kağız pulları idarə etmir, ümumiyyətlə, ölkədə maliyyə axınını yönəldən bir siyasətdir. Pul siyasətinin isə əsas məqsədi yerli valyutanın xüsusiyyətlərini yaxşılaşdırmaq və onun hərəkət keyfiyyətini inkişaf etdirməkdir. Məsələn, yaxşı pul siyasəti həyata keçirən ölkələrdə pul vəsaitlərinin dövriyyə sürəti kifayət qədər yüksək olur. Dövriyyə sürətinin yüksəldilməsi və milli valyutanın dayanıqlığının təmin edilməsi pul siyasətindən müəyyən qədər asılıdır. Bu, tamamilə olmasa da, müəyyən qədər belədir. Bunun üçün xüsusi alətlərdən istifadə edilir. Bu alətlər milli bankın əlində olan faiz dərəcələrinin müəyyən edilməsidir və həmin faiz dərəcələrinin maliyyə sferasında təsirinin gücləndirilməsi üsullarıdır. Pul siyasəti bir ölkədə yüksək səviyyədə həyata keçirilə bilər, amma əgər ölkənin daxilində istehsal zəifdirsə və xarici ticarət dövriyyəsi balansı da mənfidirsə, bu halda milli valyutanın dayanıqlığını saxlamaq mümkün olmur. Belə olan halda, hansı pul siyasəti həyata keçirilməsindən asılı olmayaraq, milli valyuta inflyasiyaya uğramağa məhkumdur".
Müsahibimizin sözlərinə görə, pul siyasəti pula yönəlik bütün suallara cavab verə bilmir:
"İqtisadiyyatın müəyyən sahələri vardır ki, o sahələr pul siyasətinin daha effektiv olmasını şərtləndirir. Yalnız pul siyasətinə baş vurub iqtisadiyyatı buraxmaq düzgün deyil. Pul siyasəti valyutanın hərəkəti, möhkəmliyi və əhatə dairəsinin genişlənməsi istiqamətində korreksiya edə bilər, amma ciddi dəyişikliklər həyata keçirə bilməz. Lakin bəzən korreksiyanın çox vacib olduğu ortaya çıxır".
Çinarə Tarverdiyeva