Azərbaycan iqtisadiyyatına investisiya azalıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:20 10.07.2025

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 8 milyard 73,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 % azalıb, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 % artıb.6 ay ərzində istifadə olunmuş investisiyanın 4 milyard 67,9 milyon manatı və ya 50,4 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 672 milyon manatı (33,1 %-i) xidmət sahələrinə, 1 milyard 333,6 milyon manatı (16,5 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 70 milyon manatını və ya 75,2 %-ni daxili investisiyalar təşkil edib. Həmçinin, əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 314,3 milyon manatı və ya 78,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, neft-qaz sektorunda investisiyaların azalması bundan sonra da davam edəcək:

 

"Kəşfiyyat işləri də bir o qədər uğurlu deyil. Yeni neft-qaz yataqları tapılmayıb. Qaz boru xəttinin genişləndirilməsi prosesi də ləngidilib. Buradakı inkişafla əlaqəli işlər ürəkaçan vəziyyətdə deyil. Qeyri-neft sektorunda investisiyaların artması yaxşı haldır. Bu artım özəl sektor tərəfindən olsa, daha yaxşı olar. Qarabağda və Şərqi Zəngəzurda müəyyən işlər görülüb. İnvestisiyalar iqtisadiyyatı artırmasa, o qədər də effektiv olmur. Daxili investisiyalar yerli şirkətlər və büdcə hesabına ödənilib. Əsas odur ki, investisiyanın artması vacibdir. Onun xarici və ya daxili olmasının elə də fərqi yoxdur. Müxtəlif yol layihələrinin həyata keçirilməsi də bu prosesi sürətləndirə bilər".

 

Aygün Babayeva