ABŞ-də Rusiyaya qarşı eyni vaxtda 3 layihə tətbiq olunub

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:18 10.07.2025

 

Konqresə təqdim edilən Qrehem-Blumental qanun layihəsi Rusiyaya qarşı layihələrdən yalnız biridir.Bu barədə politoloq Kamran Cəfərov bildirib.O qeyd edib ki, Konqresin gündəmində Rusiyaya qarşı eyni vaxtda 3 qanun layihəsi var:

 

Digər qanun layihələri: Nümayəndələr Palatasına “Sülh haqqında Qanun” (PEACE Act) adlı layihə təqdim edilib. Bu qanun sanksiya altında olan rus subyektləri ilə biznes əlaqələri quran istənilən xarici bankın ABŞ maliyyə sisteminə çıxışını bağlamağı hədəfləyir.Bundan əlavə, REPO qanun layihəsi də mövcuddur, bu qanun ABŞ prezidentinə Birləşmiş Ştatlarda dondurulmuş Rusiya aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək hüququ verir”.

 

Qeyd edək ki, Qrehem və Blumentalın təqdim etdikləri layihə Rusiyadan mal alıb, Ukraynaya kömək etməyən ölkələrə ABŞ-yə idxal rüsumunun 500%-ə qaldırılmasını nəzərdə tutur.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyaya təqdim olunan hər 3 qanunun öz sahəsində, öz istiqamətində təsir imkanları var:

 

“Qrehem və Blumental qanun layihəsinin mahiyyəti ondan ibarətdir ki, ABŞ tərəfindən edilən çağırışlara bir sıra ölkələr əhəmiyyət verməyib, hətta Rusiya ilə ticarət davam edib, Ukraynaya yardım olunmayıb.Bu cür ölkələrin iqtisadiyyatını tənəzzülə uğratmaq üçün qat-qat artıq tariflər tətbiq olunacaq. Bununla yanaşı, ABŞ bazarı ilə ticari əməkdaşlıq edən ölkələr seçim qarşısında qalacaq: ya Rusiya ilə ticari əlaqələrini davam etdirəcək və ABŞ-lə bütün iqtisadi və digər əlaqələr kəsiləcək, ya da tam əksi baş verəcək. Məqsəd burada Rusiyanın ixrac imkanlarını məhdudlaşdırmaqdan ibarətdir”.

 

İqtisadçı ekspert qeyd edib ki, “Sülh haqqında qanun” layihəsinə gəldikdə isə, burada da məqsəd Rusiya iqtisadiyyatını tənəzzülə uğratmaqdır:

 

“Təqdim olunan layihənin mahiyyəti Rusiya iqtisadiyyatını xarici valyuta ilə sıxışdırmaqdan ibarətdir. Ölkələrin rezerv ehtiyatları əsasən xarici valyutada və ya qiymətli metallar şəklindədir. Bu qanun layihəsində məqsəd həmin ölkəyə dolların daxil olmamasını təmin etmək, Rusiya bank sistemini çökdürməkdir. Əgər bu baş verərsə, alternativ vasitə kimi avro və ya funt sterlinqlə ticari əməliyyatların aparılması və milli valyuta üzərindəki təzyiqlər əsas müzakirə mövzusuna çevriləcək”.

 

Günay Hüseynova son açıqlamasında bildirib ki, sonuncu və ən ciddi qanun layihəsi isə REPO layihəsidir:

 

“Bu qanunun tətbiqi olduqca ədalətsiz və beynəlxalq qanunlara tamamilə ziddir. Belə ki, layihəyə əsasən, rusiyalı iş adamları və oliqarxların bank hesablarındakı vəsaitin Ukraynanın xeyrinə verilməsi təklif olunur. Bu qanun layihəsindən sonra düşünmürəm ki, digər ölkələrin iş adamları da pullarını ABŞ banklarında saxlamağa maraqlı olsunlar. Ümumiyyətlə, bu layihənin özü də ədalətli hesab edilmir. Nəticə etibarilə, Rusiya iqtisadiyyatına ağır sanksiyalar tətbiq olunur, ticari tərəfdaş ölkələr isə məcburi şəkildə seçim qarşısında qalırlar. Ticari tərəfdaşlıq və seçim məsələsinə gəldikdə isə, böyük iqtisadiyyata malik, öz daxili bazarını təmin edən, idxaldan asılı olmayan, ticarət saldosu müsbət olan və insan əməyindən daha çox texnologiyaya əsaslanan ölkələr üçün istənilən iqtisadi sanksiya təhlükəli hesab olunmur. İqtisadiyyatı hələ yeni inkişaf mərhələsində olan, idxaldan asılı və yalnız təbii ehtiyatlara əsaslanan ölkələr üçün isə ABŞ-nin tətbiq edəcəyi tarif və sanksiyalar riskli ola bilər”.

 

Mahmudlu Ləman